Güclü əsən külək və dolu Gürcüstanın bir çox rayonlarında ciddi fəsadlar törədib

Güclü əsən külək və dolu Gürcüstanın bir çox rayonlarında ciddi fəsadlar törədib
# 19 iyul 2012 21:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti hökumət nümayəndələrini iyunun 18-də baş verən təbii fəlakətin fəsadları ilə tanış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Telavi rayonunda olub və təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün fövqəladə hallar üzrə qərargahın üzvləri ilə görüşüb. Ölkə prezidenti güclü küləyin nəticəsində evlərə və elektrik xətlərinə ciddi ziyan dəydiyini bildirib. Onun məlumatına görə, Telavi rayonunda 770 evin dam örtüyü uçub, yollar dağılıb, elektrik dirəkləri aşıb. Analoji vəziyyət Axmeti rayonunun kəndlərində də baş verib. Digər rayonlarda da belə fəsadlar olub.
Təbii fəlakət azərbaycanlıların sıx yaşadığı kəndlərdən də yan keçməyib. Prezident Mixail Saakaşvilinin məlumatına görə, Saqareco rayonunda su təchizatı sistemində də problemlər yaranıb. Onun sözlərinə görə, əsən güclü külək azərbaycanlıların kompakt yaşadığı Yor-Muğanlı kəndinə də ciddi ziyan verib. Kəndin kommunikasiya sistemi tamamilə ləğv olub.
Laqodexi rayonuna da dolu ciddi ziyan vurub. Qabal kənd icra nümayəndəsi Camal Niyazovun APA-ya açıqlamasına görə, güclü dolu azərbaycanlıların kompakt yaşadığı Qabal və Qaracalar kəndlərindəki qarğıdalı sahələrinə ciddi ziyan vurub. “Hər iki kənddən bir az uzaqda yerləşən 400 hektar icarə torpağında becərilən qarğıdalı sahəsinin 70-80 faizini dolu məhv edib. Bu il məhsuldarlıq çox az olacaq. Kəndimizdən keçən Qabal çayının səviyyəsi yağış və sel suları nəticəsində artsa da hələlik kəndlərimizə ziyan verməyib, çay öz məcrası ilə axır. Qonşu gürcü kəndlərinin qarğıdalı sahələrini də dolu vurub, onlarca evlərinin dam örtüyü sıradan çıxıb, elektrik dirəkləri aşıb. Bütün baş verən fəsadları aradan qaldırmaq üçün hökumət tərəfindən komissiya yaradılıb. ”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR