Azərbaycanda yük avtomobillərinin həddən artıq yüklənməsinə görə cərimələr 20 dəfə artırılıb

Azərbaycanda yük avtomobillərinin həddən artıq yüklənməsinə görə cərimələr 20 dəfə artırılıb
# 14 fevral 2012 12:11 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, prezident İlham Əliyev tərəfindən İnzibati Xətalar Məcəlləsində təsdiqlənən dəyişikliklərə əsasən bundan sonra iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən normadan artıq yüklənməsinə görə günahkar olanlar əvvəlkindən 8-20 dəfə çox cərimə ödəməli olacaqlar.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra hüquqi şəxslərə məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə - vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, bu dəyişikliklərə qədər vəzifəli şəxslər üçün cərimənin məbləği 120-150 manat, hüquqi şəxslər üçün isə 1 500 manatdan 2 000 manatadək dəyişirdi. Cərimələrin ən böyük artımı bu pozuntuya yol verən fiziki şəxslərə tətbiq olunacaq. Belə ki, indiyədək fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə cərimənin məbləği 30-50 manat arasında dəyişdiyi halda bundan sonra cərimələrin məbləği 600-700 manat arasında dəyişəcək.

Ən sərt cərimələr isə bu hərəkətə il ərzində təkrar yol verənlərə tətbiq olunacaq. Məcəlləyə əlavə edilmiş yeni maddəyə əsasən eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla onlar 1000-1200 manat, vəzifəli şəxslər 1800-2000 manat, hüquqi şəxslər isə 5500 manatdan 6000 manatadək miqdarda cərimə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR