Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqqı 8% artıb

Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqqı 8% artıb
# 10 sentyabr 2012 13:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsinin apardığı “Əhalinin iqtisadi fəallığına dair” seçmə statistik müayinənin nəticələrinə əsasən, 2012-ci ilin iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 620,6 min nəfər təşkil edib.

APA-Economics”in xəbərinə görə, iyul ayı üzrə orta aylıq əmək haqqının hesablanması üçün qəbul edilmiş muzdlu işçilərin orta siyahı sayı 1 391,5 min nəfər olub. Onlardan 850 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 541,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 23,7%-i təhsildə, 19,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4%-i sənayedə, 9,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,2%-i tikintidə, 5,0%-i nəqliyyat və anbar təsərrüfatında, 3,2%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində, 14,8%-i iqtisadiyyatın digər sahələrində çalışıb.

Bu ilin iyul ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 394,6 manat təşkil edib, yanvar-iyul aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 386,0 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə və inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR