Azərbaycan yoluxucu xəstəliklərin müalicəsindən boyun qaçıranlar, yoluxma mənbəyini gizlədən şəxslər cərimə olunacaq

Azərbaycan yoluxucu xəstəliklərin müalicəsindən boyun qaçıranlar, yoluxma mənbəyini gizlədən şəxslər cərimə olunacaq
# 19 iyun 2012 10:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi planlaşdırılır.

Məcəlləyə təklif olunan başqa dəyişikliyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni, şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakından, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətə görə 100 manatda 300 manatadək, həmçinin məişət zəminində psixik zorakılığa, yəni, şəxs tərəfindən digər şəxsə qəsdən psixi təsir göstərilməsinə, yaxud, dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətə görə 300 manatdan 500 manatadək, o cümlədən məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə 35 manatdan 50 manatadək miqdarda cərimə nəzərdə tutulur.

Müvafiq maddədə nəzərdə tutulan əməl sağlamlığa ağır, az ağır, yüngül zərbə vurmaqla törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır. Bu maddədə nəzərdə tutulmuş inzibati xətanın törətmiş şəxs zərərçəkmiş şəxslə barışıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.

Bundan başqa, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna (İİV) yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxslərin səhiyyə orqanı tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə 100 manatdan 150 manatadək, zöhrəvi xəstəliklərə, yaxud insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslərlə əlaqədə olmuş , profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə 80 manatdan 120 manatadək, eləcə də, zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə, onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 100 manatdan 200 manatadək miqdarda cərimə təklif olunur.

Layihəyə əsasən, insanın immun çatışmazlığı virusuna (İİV) yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immun çatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 200 manatdan 400 manatadək, həmçinin, donur olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, narkotik vasitələr və psixotrop maddələr qəbul edib etməməsi barədə düzgün məlumatın verilməməsinə görə 30 manatdan 35 manatadək miqdarda cərimə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR