Azərbaycanın xarici işlər naziri Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində keçirilən tədbirdə iştirak və çıxış edib - FOTO

Azərbaycanın xarici işlər naziri Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində keçirilən tədbirdə iştirak və çıxış edib -<font color=red> FOTO</font>
# 20 oktyabr 2012 15:16 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrih Genşer E. Məmmədyarovun səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib. H. D. Genşer Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasından keçən 20 il ərzində iki ölkə arasındakı münasibətlərin intensiv şəkildə inkişaf etdiyini söyləyib. O, münasibətlərin yalnız iqtisadiyyat deyil, digər sahələri də əhatə etdiyini diqqətə çatdırıb.
Genşer Azərbaycanla Almaniya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Almaniyalı diplomat Azərbaycanı Qafqaz regionunda sabitliyi təmin edən ölkə kimi xarakterizə edərək regional enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib. H. D. Genşer eyni zamanda Azərbaycan və Almaniya, həmçinin Avropa İttifaqı arasında münasibətlərin daha da genişləndirilməsinin, bu münasibətlərin məhz strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının vacibliyini nəzərə çatdırıb.

E. Məmmədyarov isə çıxışında Azərbaycanın makro-iqtisadi göstəriciləri, eləcə də həyata keçirilən sosial-iqtisadi siyasət barədə geniş məlumat verərək ölkənin əldə etdiyi uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və bu istiqamətdə hökumət tərəfindən atılan addımlar, qarşılıqlı həyata keçirilən layihələr barədə məlumat verib.
Əsas diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldən Elmar Məmmədyarov, Qafqaz regionunun Avropa və Avroatlantik məkana inteqrasiyasına əsas maneə kimi Ermənistanın təcavüzkar siyasətini göstərib. Bu münaqişənin yalnız beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu xüsusi vurğulayan Elmar Məmmədyarov, Avropa İttifaqını beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirməyə çağırıb.

Nazir həmçinin enerji sahəsində tərəflər arasında mövcud olan əməkdaşlıqdan söz açıb, “Şərq Tərəfdaşlığı” və Avropa Qonşuluq Siyasəti çərçivəsində görülmüş işlərdən danışıb. Azərbaycanın NATO ilə əməkdaşlıqda maraqlı olduğunu deyən E. Məmmədyarov ölkənin sülhyaratma əməliyyatlara böyük töhfələr verdiyini qeyd edib.

Almaniya Federativ Respublikasına iki günlük rəsmi səfəri çərçivəsində Nazir Elmar Məmmədyarov “Süddeutsche Zeitung” qəzetinə müsahibə verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR