Azərbaycandakı mobil rabitə operatorlarının gəlirləri son bir ildə 14% artıb

Azərbaycandakı mobil rabitə operatorlarının gəlirləri son bir ildə 14% artıb
# 02 noyabr 2012 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 86 yeni iş yeri açılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə rabitəçilərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 326,9 manat təşkil edib. Qeyd olunan dövrdə ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 696,3 manat, poçt sektorunda isə 212,5 manat təşkil edib.

Bununla yanaşı, cari ilin ilk 9 ayı ərzində Nazirliyin strukturuna daxil olan birlik və müəssisələrin gəlirləri ötən ilin analoji dövrünə nisbətən 10,3% artaraq 273,4 mln. manata çatıb. Nazirliyin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2012-ci ilin 9 ayı ərzində dövlət büdcəsinə 31,5 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna isə 11,6 mln. manat vəsait ödənilib.

Eyni zamanda, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1 068,3 mln. manat təşkil edib. Ümumilikdə sektor üzrə əldə olunan gəlirlərin təxminən 74,8%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64,3%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 13,9% təşkil edib. Sektorun ÜDM-də payı 1,8%, qeyri-neft ÜDM-də isə 3,6% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR