Azərbaycanda könüllü standartlar sistemi tətbiq ediləcək

Azərbaycanda könüllü standartlar sistemi tətbiq ediləcək
# 19 mart 2012 10:19 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, ölkədə «Texniki tənzimləmə haqqında» qanun layihəsi hazırlanıb: «Hazırda Prezident Administrasiyasında baxılan bu sənəd ilk növbədə texniki reqlamentlərin işlənməsini və könüllü standartlar sisteminə keçidi nəzərdə tutur».

Qanun ölkədə standartlaşdırma sisteminin inkişafına təkan verəcək və bu sistemin beynəlxalq sistemə uyğunlaşdırılması məqsədi daşıyır. Bunun üçün beynəlxalq təşkilatların iştirakı ilə müvafiq keçid planı hazırlanır.

Şöbə müdirinin sözlərinə görə, adı çəkilən qanunun qəbulu nəticəsində ölkədə texniki reqlamentlər tətbiq ediləcək. Texniki reqlamentlərin tətbiqində məqsəd ölkədə istehsal olunan və idxal edilən məhsul və xidmətlərin ilk növbədə dünyada qəbul olunmuş təhlükəsizlik səviyyəsinə cavab verməsidir.

Eyni zamanda, bu texniki reqlamentlərdə qeyd olunan təhlükəsizlik standartlarına çatmaq üçün könüllü standartlar sisteminə keçid planlaşdırılır. Yəni, istehsalçılar texniki reqlamentdə müəyyənləşdirilən tələblərə cavab verən standartları özləri seçəcəklər: «Könüllü standartlaşma odur ki, istehsalçı minimal təhlükəsizlik tələblərinə cavab verən bir neçə standartlar arasında birini könüllü seçəcək. Əsas odur ki, bu standart həmin təhlükəsizlik normalarının təmin edilməsinə zəmanət verməlidir».

Belə ki, tikintidə təhlükəsizlik normalarında tikintinin təhlükəsizlik sisteminin hər hansı səviyyədə olması barədə tələb qoyulacaq. Bundan sonra tikintini aparan təşkilat bütün standartları təhlil edir və standartlar arasında bu normaya cavab verən standartı seçib tətbiq edir: «Lakin tətbiq ediləndən sonra, bu standart həmin istehsalçı üçün artıq məcburi olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR