“APA-Group”un baş direktoru ASAİF Budapeşt Forumunda çıxış edib

“APA-Group”un baş direktoru ASAİF Budapeşt Forumunda çıxış edib
# 07 aprel 2012 14:52 (UTC +04:00)
Bakı - APA. “Mən gənc səfirəm” ASAİF Budapeşt Forumunda panel müzakirələri davam etdirilib.

APA-nın xəbərinə görə, “Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları” mövzusunda keçirilən üçüncü paneldə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edib.

F.Hacıyev bildirib ki, Gənclər Fondu Azərbaycanda gəncliyin inkişafı, xüsusən xaricdə təhsil alan gənclərin təşkilatlanması və onların diaspora fəaliyyətinin gücləndirilməsi məqsədilə yaradılıb.

Təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda müxtəlif xarici ölkələrdə Azərbaycandan 7 min gənc təhsil alır. Onun sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi üçün 20 mln. dollar vəsait ayrılıb: “BDU-dan sonra digər universitetlərin də yataqxanalarına növbə çatacaq. Bu proses Azərbaycana xaricdən tələbə axınını gücləndirəcək”.

Milli Məclisin komitə sədri Səməd Seyidov əsasən tələbələrin təhsili və lobbiçilik fəaliyyəti kimi məsələlərə diqqət yönəldib: “Sizə tövsiyəm ondan ibarətdir ki, keyfiyyətli təhsil almağa üstünlük verəsiniz”.

“NOVCO” şirkətlər qrupunun prezidenti Fərid Novruzi bildirib ki, özəl şirkət rəhbəri olaraq daha çox istedadlı kadrlara üstünlük verir: “Azərbaycanda bu cür kadrlara yüksək maaşla məsul vəzifələr verilməsinə ehtiyac var”.

Milli Məclisin üzvü Ceyhun Osmanlı deyib ki, tələbələr təhsil aldıqları elm ocaqlarında təşkilatlanmalı və müxtəlif tədbirlər həyata keçirməlidirlər.

“Sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasında rolu” mövzusunda keçirilən dördüncü paneldə çıxış edən “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də müasir mütəxəssislərə ehtiyac var: “Yüksək maaş verən şirkət olmağımıza baxmayaraq, informasiya texnologiyaları mütəxəssislərinə, bir neçə xarici dil bilən müxbirlərə böyük ehtiyacımız var. Ümumiyyətlə, Azərbaycanda yeni medianın yaranmasından sonra tamamilə fərqli bir mühit yaranıb”.

Gəncləri sosial şəbəkələrdə aktiv olmağa çağıran V.Mahirqızı qeyd edib ki, vətənpərvərlik populizm, təhqirə təhqirlə cavab vermək deyil: “Soyuq başla ölkənin potensialını, turizm imkanlarını təbliğ etmək, bununla bağlı sosial şəbəkələrdə səhifələr yaratmağın özü də bir vətənpərvərlikdir. Xaricdə təhsil alan tələbələrimiz diaspora, lobbiçilik fəaliyyəti ilə məşğul olmağa, yaşadıqları ölkənin ictimai siyasi həyatına transfer olmağa, həmin ölkədə fəaliyyət göstərən media qurumları ilə sıx əməkdaşlıq qurmağa çalışmalıdırlar. Təəssüf ki, xaricdə yaşayan təhsil alan tələbələrimiz keçirdikləri tədbirlərin daha çox Azərbaycan mediasında işıqlandırılmasında maraqlı olurlar. Halbuki yaşadıqları ölkənin bir parçasına çevrilmək üçün xarici mətbuat orqanları ilə əməkdaşlığa daha çox ehtiyac var. Bu tədbirlər haqqında hətta lokal xarakterli media orqanlarında məlumat verilməsi belə uğur sayılmalıdır və bunlar böyük uğurun təməlinə çevrilə bilər. Dövlət maraqları ilə yanaşı, şəxsi münasibətlərin qurulması da dünyanın bütün media orqanlarında rol oynayır. Ona görə də tələbələrimiz gələcəyin mütəxəssisləri kimi həm də bu istiqamətdə yetişməlidirlər”.

“Antenn FM” müstəqil teleradio şirkətinin rəhbəri Rüstəm Əliyev Azərbaycanda teleradio sahəsində güclü mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün Azərbaycan informasiya blokadasını daha çox internet üzərindən yarmağa çalışır: “Ona görə də savadlı və bir neçə dil bilən kadrlara ehtiyac getdikcə artır”.

“1news” İnformasiya Agentliyinin və “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev də gəncləri sosial şəbəkələrdə aktiv olmağa çağırıb: “Onlar kreativ olmalı, məsələlərə daha effektiv yanaşma nümayiş etdirməli, hansısa ittihamlara cavab verməkdənsə, yeni ideyalarla çıxış etməlidirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR