ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: “Azərbaycan və Ermənistan ziyalıları arasında görüşlər yaxın vaxtlarda davam etdiriləcək”

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: “Azərbaycan və Ermənistan ziyalıları arasında görüşlər yaxın vaxtlarda davam etdiriləcək”
# 14 may 2012 12:49 (UTC +04:00)
Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Rusiyanın vasitəçilik missiyası digər həmsədr ölkələrlə birlikdə davam etdirilməlidir”. APA-nın məlumatına görə, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərin “Rusiyanın yeni prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Dmitri Medvedyev kimi aktivlik nümayiş etdirəcəkmi” sualını belə cavablandırıb.

“Yeni prezidentin imzaladığı ilk fərmanlardan biri xarici siyasət məsələləri ilə bağlıdır. Orada bildirilir ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə aktiv fəaliyyəti davam etdirməlidir. Bu fəaliyyət 2009-2011-ci illərdə yüksək səviyyədə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla tərəflərə münaqişənin nizamlanmasında kömək etməyə əsaslanır. Düşünürəm ki, bu, Rusiyanın mövqeyini dəqiq ifadə edir”.

Həmsədrlərin regiona səfərini şərh edən İqor Popov bunun planlaşdırılan səfər olduğunu bildirib: “Azərbaycan prezidenti və xarici işlər naziri ilə nizamlanmanın aktual məsələlərini müzakirə etdik. Biz prezidentlərin Soçi görüşündə əldə olunan razılaşmaların reallaşmasının aktual məsələlərini müzakirə etdik. Görüşlərdə xüsusilə nizamlanmaya dair sənəd üzərində işin gedişi müzakirə olundu. Biz ictimaiyyət və gənclər arasında görüşlərin təşkili məsələsinə də toxunduq. Bundan başqa müzakirələrdə aprelin sonunda qoşunların təmas xəttində baş verən insidentlərə də toxunulub. Gələcək təmaslara gəldikdə, ümidvarıq ki, yaxın aylar ərzində təmaslarımız davam edəcək”.

İqor Popov Azərbaycan və Ermənistan ziyalıları və gəncləri arasında görüşlərin təşkili ilə məşğul olan Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə əlaqə saxladığını bildirib və qeyd edib ki, belə görüşlər yaxın vaxtlarda davam etdiriləcək.

Jurnalistlərin suallarını cavablandıran ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke bildirib ki, həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa getmək istəsələr də, bu səfər hava şəraiti səbəbindən baş tutmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR