Azərbaycanın avtomobil bazarında canlanma müşahidə olunur

Azərbaycanın avtomobil bazarında canlanma müşahidə olunur
# 30 may 2012 07:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanın avtomobil bazarında dinamikanın artımı müşahidə olunub. «APA-Economics»in məlumatına görə, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin apardığı monitorinqin nəticələri göstərib ki, xaricdən idxal olunan köhnə avtomobillərin təklif portfelindəki payı artmaqdadır.

Aprel ayı ərzində avtomobillərin satış mərkəzlərinə müraciət edənlərin sayında və alqı-satqıların sayında nisbi artım qeydə alınıb. Ay ərzində bazarda təklif 4,1% artsa da, bu qiymətlərə təsir etməyib. Aprel ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi qalıb. Apreldə təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya – satışda qalma müddəti 1,1% azalıb və hazırda avtomobili orta hesabla 44,4 günə satmaq mümkündür.

Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son 3 ayda yenidən artıb. Buna «Euro-2» yanacaq standartlarına keçidlə əlaqədar idxal olunan avtomobillərin təhlükəsizlik yastıqlarının mövcudluğu və əyləc sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı qəbul edilmiş qərarların may ayından etibarən tətbiqi ilə əlaqədar olub.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı mart ayı ilə müqayisədə 1,4 faiz bəndi artaraq 35%-ə çatıb. Ümumilikdə, ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin artımı qeydə alınıb. Təklif üzrə ən çox artım (5,2%) «VAZ» avtomobillərində qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə, 9 markanın təklif üzrə payı 86,7% təşkil edib. Qalan avtomobillərin 13,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR