«Istanbul Underwriting Center»in Bakıda nümayəndəliyi açılıb

«Istanbul Underwriting Center»in Bakıda nümayəndəliyi açılıb
# 28 mart 2012 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Istanbul Underwriting Center»in (IUC) Bakı nümayəndəliyinin açılışı olub. «APA-Economics»in məlumata görə, açılış mərasimində çıxış edən IUC-nin baş direktoru Murat Dişçi mərkəzin yarandığı tarixdən indiyədək gördüyü işlər barədə qonaqları məlumatlandırıb.

M.Dişçinin sözlərinə görə, artıq IUC sığorta şirkətlərinin işçiləri üçün sığortanın istənilən seqmentində treninqlərin keçirilməsi sahəsində ixtisaslaşmış bir quruma çevrilib. Qurum öz beynəlxalq təcrübəsindən istifadə edərək həmin təlimləri Azərbaycan sığortaçılarının nümayəndələri üçün də keçirməyi planlaşdırır.

Tədbirdə daha sonra çıxış edən IUC-nin Bakı ofisinin rəhbəri Gülzar Əliyeva bildirib ki, treninqlər sığorta şirkətləri üçün müəyyən ödəniş əsasında təşkil olunacaq: «Bütün sığorta şirkətlərinə treninqin keçirilməsi ilə bağlı eyni elan veriləcək. Artıq sentyabra qədər təlimlərin qrafiki qruplaşdırılıb. İlkin olaraq sığorta şirkətlərinin nümayəndələri üçün satış mövzusu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub».

G.Əliyevanın sözlərinə görə, Azərbaycanda sığorta sahəsində daha çox sığorta məhsullarının satışı mövzusunda treninqlərin keçirilməsinə ehtiyac var. Daha sonra tibbi sığorta, ümumi həyat sığortası və təkrarsığorta üzrə treninqlərin keçirilməsi planlaşdırılır. Treninqlərə sığorta şirkətlərinin maksimum 25-30 nümayəndəsi qatıla bilər. «Qeyd olunan təlimlərə yenidən ehtiyac yaranarsa, biz yenidən treninqlər keçməyə hazırıq», - deyə G.Əliyeva bildirib.

Tədbirdə iştirak edən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov belə bir mərkəzin Bakıda ofisinin açılmasının Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb: «İnanıram ki, IUC Azərbaycanın sığorta sektorunun inkişafı üçün öz gərəkli töhfəsini verəcək və bunun nəticəsində ölkənin sığorta sektoru daha sürətlə və keyfiyyətlə inkişaf edəcək».

Tədbirdə həmçinin Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev çıxış edib. A.Əliyev IUC-nin Bakıda ofisinin açılmasını müsbət qiymətləndirdiyini bildirib: «Hazırda Azərbaycanın sığorta bazarında sığorta şirkətlərinin nümayəndələri üçün həyat sığortası, təkrarsığorta və sığortanın digər seqmentləri üzrə treninq və təlimlərin keçirilməsinə ehtiyac var və bu baxımdan Bakıda belə bir mərkəzin yaradılması məqsədə uyğundur».

Qeyd edək ki, «IUC Group» 2005-ci ildə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR