İctimai Palata Koordinasiya Şurasının üzvləri mətbuat konfransı keçiriblər

İctimai Palata Koordinasiya Şurasının üzvləri mətbuat konfransı keçiriblər
# 13 aprel 2012 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palatanın Koordinasiya Şurasının üzvləri mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, mətbuat konfransında İP-in aprelin 8-də keçirdiyi mitinq dəyərləndirilib və aprelin 22-nə təyin olunan aksiya ilə bağlı məlumat verilib.

AXCP sədri Əli Kərimli deyib ki, aprelin 8-də keçirilən mitinq ərəfəsində təbliğat işləri aparan 7 nəfər inzibati həbs cəzası alıb, kütləvi aksiyanın qarşısını almaq məqsədilə nəqliyyat problemi yaradılıb: “Hər kəsin nəzərinə çatdırırıq ki, problemlər yaradılacağı təqdirdə insanları olduqları yerdən mitinqə yürüşlə gəlməyə çağıracağıq”.

Ə. Kərimli beynəlxalq təşkilatları və mətbuatı növbəti mitinq zamanı paytaxtın aksiya yerinə gələn avtobus dayanacaqlarında monitorinq aparmağa çağırıb.

Mehriban Vəzir bildirib ki, bu mitinq cəmiyyət, müxalifət üçün yeni bir mərhələdir: “Cəmiyyət qəbul etməlidir ki, deyinməklə iş keçməz”.

Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli aprelin 8-də keçirilən mitinqə müxalifət düşərgəsindən verilən reaksiyaların düzgün olmadığını deyib. Onun sözlərinə görə, bu mitinq insanlarda stimul yaradıb: “Mitinq ona görə, əhəmiyyətli oldu ki, İctimai Palatanın alternativliyini göstərdi. Bu aksiyaya yönələn ittihamlar düşmən dəyirmanına su tökülmək kimi qiymətləndirilməlidir”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə hakimiyyət partiyasının ölkənin hər yerində yüksək şəraitli qərargahlarla təmin edildiyini, lakin təşkilat kimi zəif fəaliyyət göstərdiyini bildirib.

Keçirdikləri mitinq barədə danışan İ. Qəmbər aksiyanın cəmiyyətə yeni təkan verdiyini bildirib: “Mitinqdə gənclərin, xanımların və ziyalıların iştirakı aksiyanın önəmli olduğunu sübut etdi”.

İ. Qəmbər aprelin 22-də keçiriləcək mitinqə hazırlıqlara artıq başlandığını deyib: “Əminik ki, bu mitinq daha coşqulu olacaq. Biz Bibiheybətdəki məkana razılaşmışıqsa, bu o demək deyil ki, sona qədər aksiyaların orada keçirilməsinə razı olacağıq. Bu, xalqımızdan, cəmiyyətimizdən, İctimai Palata üzvlərindən asılıdır. Əgər mitinqdə etdiyimiz çağırışlarla bağlı hakimiyyətdən heç bir reaksiya olmayacaqsa, o zaman İctimai Palata öz mitinq taktikasına-siyasətinə yenidən baxacaq”.

İ. Qəmbər “Eurovision” musiqi yarışması keçirilən zamanı İP-in taktikası haqqında da danışıb: “Bu musiqi yarışına az vaxt qalıb. Biz yarışmanın Azərbaycanda keçirilməsini istəyirik və buna şadıq, amma biz bu müsabiqənin verdiyi fürsətdən istifadə edib, müxtəlif aksiyalar keçirəcəyik, gələn xarici jurnalistləri İctimai Palatanın mətbuat mərkəzinə dəvət edəcəyik”.

O, müsabiqə günlərində aksiyaların keçirilib-keçirilməyəcəyi barədə Koordinasiya Şurasının qərar verəcəyini deyib: “Bu, proseslərin gedişindən asılı olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR