KXCP sədrinin müavini: “Müxalifət birləşə bilmir və böhran içərisindədir”

KXCP sədrinin müavini: “Müxalifət birləşə bilmir və böhran içərisindədir”
# 22 sentyabr 2012 08:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İqtidarın siyasəti bəllidir. Yaxın müddətdə bu iqtidar hakimiyyətdə olmasının 40 illiyini qeyd edəcək. Hazırkı vəziyyəti biz müxalifətin uzun illərdir bir-birinə bənzər bu parçalanmaları, bloklaşmaları, birləşmələri yaradıb. Bu onu göstərir ki, biz birləşə bilmirik və müxalifət böhran içərisindədir”.

Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Fikrət Cəfərov verib. F. Cəfərov deyib ki, bu reallığı müxalifət təmsilçiləri etiraf etmək istəmir: “Müxalifətin böhran vəziyyətində olması ilə bağlı fikirlərimi deyəndə bəzi dostlarımız iradlarını bildirirlər. Əgər böhran yoxdursa, bu təlatümlər nədir? Sirr deyil ki, müxalifətin bütün qurumlarında daxili təlatümlər yaşanır. Bu böhran olduğunu göstərmirmi?”

Onun sözlərinə görə, KXCP də müxalifətin tərkib hissəsi olaraq böhranın içərisində olan təşkilatlardandır: “Müxalifətdə olan böhran bu quruma, burada olan vəziyyət isə bütün müxalifətə sirayət edir. Bunları anlayışla qəbul etmək lazımdır. Son vaxtlar müxalifət daxilində birincilik uğrunda mübarizə primitiv hal alıb. Əvvəllər namizəd olacaq lider, bu mövqeyini əvvəlcədən açıqlamırdı. Əksinə, ictimaiyyət onun namizəd olması qənaətinə gəlirdi. İndi isə hamı durub namizədliyini irəli sürür. Hətta “Namizədliyə namizədlər müəyyənləşməlidir” kimi qeyri-ciddi fikir də ortalığa atılıb. Bu qeyri-ciddi fikirlərlə hara gedəcəyik?”

F. Cəfərov onun və partiyanın digər sədr müavini Qaya Əliyevin təşkilatın sıralarını tərk etməsi, bunun səbəbləri, atacaqları addımlarla bağlı yaxın günlərdə ictimaiyyətə məlumat verəcəklərini də qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR