Ali məktəblərin beynəlxalq reytinq cədvəli açıqlanıb

Ali məktəblərin beynəlxalq reytinq cədvəli açıqlanıb
# 07 fevral 2012 08:31 (UTC +04:00)
Bakı-APA. Dünya ali məktəblərinin ”Webometrics” adlı reytinq cədvəli açıqlanıb. APA-nın məlumatına görə, 2012-ci ilin yanvar ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 23 000 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilib, tədqiq olunub. Nəticədə ali məktəblərin adı açıqlanıb, onların hər birinin tutduğu yer elan edilib. Reytinq üzrə yüksək liqada (ilk 1/3) Azərbaycandan yalnız bir ali təhsil müəssisəsi - Xəzər Universiteti yerləşib (6233-cü yer). İkinci liqada (ikinci 1/3) ilk 3 yeri Qafqaz Universiteti (7771), Bakı Dövlət Universiteti (8833), Azərbaycan Diplomatiya Akademiyası (8926) tutur. Burada Azərbaycanın 18 ali məktəbi yer alıb.

Üçüncü liqada (sonuncu 1/3) Azərbaycanın 19 universiteti yerləşib.
Yüksək liqaya Azərbaycandan yalnız bir ali məktəb – Xəzər Universiteti daxil olduğu halda, Gürcüstandan – 10, Ermənistandan – 5, Moldovadan – 6, Belarusdan – 16, Estoniyadan – 14, Latviyadan – 15, Litvadan – 20, Qırğızıstandan – 4, Qazaxıstan – 20 ali məktəb daxil edilib. Bundan başqa, Rusiyanın 288, Türkiyənin 112, İranın 59 ali məktəbi dünyanın ən yaxşı ali məktəbləri sırasındadır. Yüksək liqada ən çox təmsil olunan ölkələr ABŞ (1722), Çin (567) və Yaponiyadır (388).

Qeyd edək ki, 2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı professor Ramon y Cajal tərəfindən yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR