Bakıda sahibkarlar üçün “İxrac potensialının artırılması” mövzusunda seminar keçirilib

Bakıda sahibkarlar üçün “İxrac potensialının artırılması” mövzusunda seminar keçirilib
# 24 aprel 2012 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda «Twinnig» layihəsi çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvləri üçün «İxrac potensialının artırılması» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, ASK ixrac potensialının daha gücləndirilməsi istiqamətində sahibkarlarla daim əməkdaşlıq edir.

«Azərbaycan sahibkarları istehsal etdikləri məhsuldan daha çox gəlir götürmək niyyətindədirlər ki, bu da xarici və yeni bazarlara çıxış imkanları deməkdir. Azərbaycan məhsullarının xaricə bazarlara çıxışı istiqamətində Avropa Birliyinin “Twinnig” layihəsi də yerli sahibkarlara müsbət təsirini göstərir. Belə ki, bu layihənin şərtlərində ilk növbədə sahibkarlar təşkilatlarının gücləndirilməsi və bu sahədə daha çox işlərin görülməsi qeyd olunur. ASK da bu sahədə fəaliyyətini davam etdirir. Avropa Birliyinin təşəbbüsü ilə Şərq regionunun mehriban qonşuluğunun iqtisadi inkişafına yönəldilən investisiya-ticarət əhatəsinin yaxşılaşdırılması üçün Şərq tərəfdaşlığı regional “Twinnig” layihəsi Azərbaycanda, Ukraynada, Belarusda, Gürcüstanda, Moldovada və Ermənistanda kiçik və orta biznesin inkişafına dəstək verməsindən ibarətdir. Bu dəstək Avropa Birliyinin adı çəkilən ölkələrə qarşılıqlı investisiya münasibətlərində və əməkdaşlığında onların potensial inkişafına köməklik etməsindən ibarətdir» - deyə M.Əfəndiyev bildirib.

Seminarda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin xarici ticarət siyasəti şöbəsinin mütəxəssisi Müşfiq Osmanov sahibkarlar üçün Azərbaycanın ixrac bazarları və həmin bazarlara çıxış imkanları mövzusunda geniş təqdimatla çıxış edib.

Qeyd edək ki, seminarda Almaniyadan dəvət olunmuş ekspertlər, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələri tərəfindən ixrac potensialının artırılması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR