Azərbaycanda sürücülər icbari avtomobil sığortası müqavilələri barədə təsdiqləyici SMS ala biləcək

Azərbaycanda sürücülər icbari avtomobil sığortası müqavilələri barədə təsdiqləyici SMS ala biləcək
# 27 mart 2012 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda avtomobil sürücüləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil telefon vasitəsi ilə təsdiqləyici SMS alacaqlar.
İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, «Azercell» və «Azerfon» abonentləri 9707 qısa nömrəsinə SMS göndərməklə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı məlumat əldə edə biləcəklər. Abonentlər bağladıqları sığorta müqavilələri qüvvəyə mindikdən sonra (yəni sığorta müqaviləsinin bağlandığı gündən 24 saat sonra) 9707 nömrəsinə SMS şəklində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə sığorta şəhadətnaməsinin etibarlı olub-olmaması, onun hansı sığorta şirkətinə aid olması və sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta şirkəti ilə əlaqə saxlanılması üçün nəzərdə tutulan telefon nömrələri barədə məlumat ala biləcəklər. Həmçinin, həmin qısa nömrəyə SMS şəklində sığorta şəhadətnaməsinin nömrəsini göndərməklə onun hansı sığorta şirkətinə aid olması və etibarlılıq müddəti barədə məlumat almaq mümkün olacaq.
Qeyd edək ki, yalnız 2011-ci ilin dekabr ayının 12-dən etibarən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi» vasitəsilə bağlanılmış sığorta müqavilələri barədə SMS vasitəsilə məlumat almaq mümkün olacaq.
Bir SMS-in qiyməti 0,20 manat təşkil edir.
Qeyd edək ki, «Bakcell» şirkəti ilə aparılan danışıqlar da artıq yekunlaşıb və «Bakcell» abonentləri də yaxın günlərdə SMS vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı məlumat əldə etmək imkanına malik olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR