Azərbaycan prezidenti İlham Əliyev Gənclər Günü münasibətilə gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Gənclər Günü münasibətilə gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb
# 02 fevral 2007 17:09 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən dövlət başçısı bütün Azərbaycan gənclərini bayram münasibətilə təbrik edib. Gənclər gününün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu qeyd edən prezident onun bu məsələlərə daim böyük diqqət göstərdiyini diqqətə çatdırıb. Dövlət başçısı gənclərin yaxşı oxumalarının, bilikli, savadlı, Vətəninə sadiq olmalarının vacibliyini vurğulayıb, fəaliyyətləri ilə ölkənin inkişafına xidmət göstərmələrinin zəruriliyini söyləyib: “Mən əminəm ki, yaxın zamanlarda yüzlərlə Azərbaycan gənci dünyanın aparıcı təhsil ocaqlarında oxuyacaq, yaxşı mütəxəssislər olacaq və ondan sonra Vətənə qayıdıb doğma ölkəmizin inkişafı üçün çalışacaq”. “Biz də istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etmiş ölkə olsun” söyləyən prezident ölkənin böyük sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olduğunu bildirib: “Ancaq sözün əsl mənasında, inkişaf etmiş ölkə olmaq üçün çox bilikli insanlar olmalıdır. Bizim məqsədimiz bundan ibarətdir: ölkəmiz möhkəmlənsin, güclənsin, xalq daha da yaxşı yaşasın, ölkə qarşısında duran bütün vəzifələr həll olunsun, bölgədə mövqeyimiz daha da güclənsin”.
Orduda xidmət edənlərin böyük əksəriyyətinin də gənclər olduğunu söyləyən prezident onların Vətəni qoruduqlarını, düşmənlə üzbəüz mövqedə dayandıqlarını deyib: “Onlar Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər. Lazım gələn anda məhz onlar doğma torpaqların azad olunması üçün ilk addımı atacaqlar”.
Prezident İ.Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllini tapması üçün bütün siyasi və diplomatik addımların atıldığını, bu sahədə kifayət qədər uğur əldə olunduğunu diqqətə çatdırıb: “Buna baxmayaraq, qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə görə, hələ ki, biz bu məsələni həll edə bilmirik. Artıq bütün dünya ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatı, bu məsələ ilə birbaşa məşğul olan qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və münaqişənin məhz ərazi bütövlüyü əsasında həll olunmasını istəyir. Bu, bizim böyük diplomatik uğurumuzdur. Ermənistan bütün beynəlxalq normaları pozub, beynəlxalq davranış qaydalarına əməl etmir və hesab edir ki, “status-kvo” vəziyyəti əbədi davam edəcək. Bu, belə deyil, bunun limiti, çərçivələri var. Azərbaycanın artan iqtisadi, siyasi, hərbi gücü və ölkəmizin məsələyə münasibətinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi bizim mövqeyimizi gücləndirir. Mən istəyirəm ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq biz digər vəziyyətlərə də hazır olmalıyıq. Məhz bu məqsədlə Azəbaycanda gedən güclü ordu quruculuğu prosesi bu gün artıq bizə imkan verib ki, bölgədə qüvvələr nisbətini öz xeyrimizə dəyişək. Artıq bizim üstünlüyümüz təkcə siyasi və iqtisadi meyarlarla ölçülmür, hərbi sahədə də özünü göstərir. Güclü orduya malik olmaq o deməkdir ki, istənilən anda öz doğma torpaqlarımızı biz azad edə bilərik. Biz ümid edirik ki, məsələni tezliklə həll edəcəyik. Çünki vaxt bizim tərəfimizdədir”.
Nitqinin sonunda prezident ölkə gənclərini bir daha təbrik edib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və görüşdə iştirak edən gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR