"Improtex motors" 7-ci seriya BMW-nin qapalı təqdimatını keçirib

"Improtex motors" 7-ci seriya BMW-nin qapalı təqdimatını keçirib
# 11 noyabr 2015 11:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Improtex Motors” şirkəti öz sərgi-satış salonunda tam yeni 7-ci Seriya BMW avtomobilinin təqdimatını keçirib.

APA-Economics”in məlumatına görə, yeni 7-ci Seriya BMW avtomobilinin qapalı təqdimatı 3 gün davam edəcək.

“Lyuks” avtomobil sinfində şərtsiz liderliyə iddialı olan bu avtomobil hərəkət dinamikası, rahatlıq, qənaətçilik və sürücüyə kömək sistemləri sahəsində müasir avtomobilə məxsus təmtəraq rəmzidir. Bundan əlavə, avtomobil, salonunda tam fərdi mühit yaratmaq üçün ən geniş imkanlara malikdir.

“Biz, BMW ailəsi, elə hesab edirik ki, gələcəyi məhz biz özümüz formalaşdırırıq. Yeni avtomobili hazırlayarkən əsas məqsədimiz şah əsəri yaradaraq müştərilərimizin gözləntilərini belə aşmaqdır. Tam yeni 7-ci seriya BMW, bizim bu sinifdə tarix boyu yaratdığımız hər hansı avtomobildən daha innovativ, daha rahat və ümumiyyətlə ən üstün avtomobildir”, - deyə "BMW Group"un baş dizayneri Edrian van Xooydonk bildirib.

“Improtex Motors”un baş direktorunun I müavini Bayram Yaqubov qeyd edib ki, yeni BMW 7-ci seriyanın konstruksiyasında bu seqmentdə ilk dəfə polad və alüminium birləşmələrindən başqa, sənaye üsulu ilə istehsal olunmuş kömür plastikdən (karbon) istifadə edilib. Effektiv materiallardan istifadə konsepsiyası sayəsində avtomobil banının sərtliyi xeyli artıb, avtomobilin kütləsi isə mühüm dərəcədə azaldılıb.

Onun sözlərinə görə, BMW 750Li, BMW 740Li, BMW 730Ld və onların tam ötürücülü xDrive modellərində Executive Lounge opsiyanın köməyi ilə “lyuks” sinfli avtomobildə “rahatlıq” sözü tamamilə yeni səviyyəyə qalxır. Həmin opsiyanın daxilində 4-zonalı iqlimə nəzarət sistemi, elektrik ötürücülü və masaj funksiyalı arxa rahat oturacaqlar, bütün oturacaqların isitmə və havalandırılması, oturacaqların tənzimləmə sistemi (Executive Lounge Seating), arxa konsol Executive Lounge və sensorlu BMW planşet ilə Experience arxa multimediya sistemi mövcuddur.

BMW 7-ci seriya gələcəkdə bir sıra digər modellərinin əsasını qoyan modullu platforma əsasında quraşdırılıb. Tam yeni 7-ci seriya BMW avtomobilinin uzadılmış versiyası (G12) 5238 mm-dək (standart versiyaya nisbətən + 139 mm) artıb.

Tam yeni BMW 7-ci seriya sürücüsüz dar dayanacaq sahəsinə özü daxil olan və həmin yerdən özü geriyə hərəkət etməyi bacaran dünyanın ilk seriya avtomobilidir. Dayanmanı məsafədən idarə edən bu sistem, avtomobili çox dar yerdə belə asan tərzdə park etmək imkanı verir. Avtomobil dayanacaq sahəsinə özü daxil olur, geri qayıdır və sürücü tərəfindən yeni interaktiv “BMW Display Key” açarı ilə tam nəzarət olunur.

Tam yeni BMW 7-ci seriya avtomobili bu seqmentdə, dünyada ilk dəfə olaraq uzaq məsafəli işığı idarə edən BMW Selective Beam Laserlight sistemli lazer fənərlərlə təchiz olunur. BMW lazer fənarları 600 metrədək məsafəni işıqlandırma şüasına malikdir. Bu isə öz növbəsində LED işıqlandırma sistemləri ilə müqayisədə təxminən 2 dəfəyədək artıqdır.

Avtomobildə işlənmiş materialların seçimi yüngülləşdirilmiş konstruksiyalar və vəsaitlərdən effektiv istifadə konsepsiyası əsasında təyin edilib. Tam yeni BMW 7-ci seriya avtomobili Dinqolfinq şəhərindəki zavodda istehsal olunur. Bu müəssisə ənənəvi BMW, “lyuks” modellərini istehsal edən və yüngülləşdirilmiş konstruksiyaları hazırlayan istehsal mərkəzi kimi şöhrət qazanıb. Məhz Dinqolfinq şəhərində Rolls-Royce avtomobillərinin alüminium banları və digər BMW zavodlarının sifarişləri əsasında ötürmə və hərəkət hissələrinin detalları istehsal olunur.

“Improtex” şirkətlər qrupunun vitse-prezidenti Vüqar Ələkbərov təmsil etdiyi şirkətin fəaliyyəti və planlarından danışıb. V.Ələkbərov bildirib ki, son zamanlar dünya iqtisadi böhranı fonunda “Improtex Motors” idxalçı kimi öhdəsinə düşən öhdəlikləri uğurla həyata keçirir: “Prezident İlham Əliyevin daim ölkənin özəl sektoruna xüsusi qayğısı və xüsusilə son günlərdə verdiyi sərəncamlar iş adamlarını ruhlandırır, gələcəyə inamını daha da artırır. Biz də öz növbəsində daim qurub-yaratmaq arzusu ilə yaşayırıq və bu arzuları həyata keçiririk”.

Qeyd edək ki, “Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanıb. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “Alpina” və BMW motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR