Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin vətəndaş baqajında bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilərkən çantasında 4 ədəd mobil telefonun olduğunu bildirib. Yoxlama zamanı vətəndaşın çantasının içərisindən şifahi şəkildə bəyan etdiyi 1 ədəd “Samsung Galaxy A3”, 1 ədəd “Samsung Galaxy J1”, 1 ədəd “Samsung Galaxy J1 mini” və 1 ədəd “Samsung Galaxy S7 edge” markalı mobil telefonlar aşkar olunub.
Lakin vətəndaşa məxsus sellofan paketin yoxlanılması zamanı isə onun içərisində, gömrük nəzarətindən gizlədilmiş 26 ədəd “Samsung Galaxy J7” və 4 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.