Milli Məclisdə ABŞ-ın Arizona ştatı Senatı və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər keçirilib

 Milli Məclisdə ABŞ-ın Arizona ştatı Senatı və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər keçirilib
# 16 noyabr 2013 13:50 (UTC +04:00)

Bakı – APA. Bu gün Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan ABŞ-ın Arizona ştatı Senatı və Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V.Ələsgərov bildirib ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir və Azərbaycanın Amerikanın müxtəlif ştatları ilə sıx münasibətləri var. Vitse-spiker qonaqlara Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası, alternativ enerji mənbələri, qeyri-neft sektorunun inkişafı barədə ətraflı məlumat verib.

Görüşdə bildirilib ki, Azərbaycan iqtisadi inkişafına görə regionda lider dövlət statusu qazanıb, ölkənin bir sıra sahələrində, o cümlədən təhsil və mədəniyyət sahələrində dövlət proqramları həyata keçirilir. Hazırda 2000-dən çox gənc dövlət hesabına xarici ölkələrdə təhsil alır. Azərbaycan artıq heç bir ölkənin maliyyə dəstəyinə ehtiyacı olmadığı vurğulanıb, lakin Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal etməsi bu inkişafa mane olur.

Söhbət zamanı nümayəndə heyətinin rəhbəri Con Mak Komiş, Adam Driqqs, Don Şuter, Rik Qrey və digərlərinin suallarına cavab verilib, Azərbaycanla Arizona ştatı arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Həmin gün amerikalı qonaqlar həmçinin Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə də görüşüblər. İşçi qrupunun rəhbəri Səməd Seyidov yüksək səviyyədə olan ikitərəfli münasibətlərdən danışaraq bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan üçün vacib, Azərbaycanın ərazi bütövlüyünü və haqq səsini yüksək səviyyədə dəstəkləyən ölkədir. Azərbaycan da hər zaman, xüsusilə də terrora qarşı mübarizədə Birləşmiş Ştatların yanındadır.

S.Seyidov qeyd edib ki, Azərbaycan çoxmillətli və tolerantlıq nümayiş etdirən bir ölkədir. Söhbət zamanı Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli rolu xüsusi vurğulanıb. Görüşdə tərəfləri maraqlandıran digər mövzularla da bağlı fikir mübadiləsi aparılıb, qonaqların suallarına cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR