Azərbaycan və Rusiya arasında miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə işlərinin təşkili məqsədilə fəaliyyət planı hazırlanacaq - FOTO

Azərbaycan və Rusiya arasında miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə işlərinin təşkili məqsədilə fəaliyyət planı hazırlanacaq - <span style="color: red;">FOTO
# 12 dekabr 2013 12:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya Federasiya Şurası və Azərbaycan Milli Məclisi arasındakı ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev də toplantıya qatılıblar.

İclasın gündəliyinə iki ölkə arasında əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında, dəniz ticarət gəmiçiliyi və gəmi nəqliyyatı sahəsində əməkdaşlıq haqqında, Azərbaycan gəmilərinin Rusiyanın daxili su yollarından keçməsi qaydaları və şərtləri haqqında, Samur çayı üzərindəki avtomobil körpüsünün Azərbaycan-Rusiya dövlət sərhədindəki “Yaraq-Qazmalar” (Rusiya) və “Samur” (Azərbaycan) keçid məntəqəsi hissəsində təmir işlərinin aparılması haqqında, ölkəyə gəlmə, ölkədən getmə və ölkədə qalma qaydalarını pozmuş, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qəbulu və təhvil verilməsi haqqında sazişlərin və digər sənəd layihələrinin müzakirəsi daxil edilib.

Toplantıda Rusiya ilə Azərbaycan arasında 2012-ci ildə ticarət dövriyyəsinin həcmi rekord həddə - 3,5 milyard dollara çatdığı açıqlanıb, bu isə 2011-ci illə müqayisədə 11 faiz çoxdur. Bu ilin yanvar-oktyabr ayları ərzində ticarət dövriyyəsi 2,9 milyard dollar olub ki, bu da 2012-ci ilin müvafiq dövründəkindən 9 faiz çoxdur.


Valeh Ələsgərov Rusiya regionları rəhbərlərinin mütəmadi surətdə Azərbaycanda ikitərəfli görüşlər keçirdiyini, Azərbaycan dövlətinin Azərbaycan diasporu ilə birlikdə Rusiya regionlarında quruculuq və abadlıq işləri həyata keçirdiyini söyləyib: “Eyni zamanda, Azərbaycan dövləti ölkəmizdə rus dilinə, rus mədəniyyətinə, rus dilində təhsilə böyük qayğı ilə yanaşır. Bu baxımdan, Rusiya tərəfinin də Azərbaycanda fəaliyyət göstərən rus icmasının və mədəniyyət mərkəzlərinin inkişafına dəstək verməsi əhəmiyyətlidir”.


Azərbaycan tərəfi Samur gömrük-keçid məntəqəsinin Rusiyaya aid hissəsinin təmirinin yubanması, habelə “Yaraq-Qazmalar” məntəqəsində sənədlərin qeydiyyatının ləngidilməsinin vətəndaşların narazılığına səbəb olduğunu qarşı tərəfin diqqətinə çatdırılıb. V. Ələsgərov bildirib ki, keçid məntəqəsinin Azərbaycana aid olan hissəsində “vahid pəncərə” sistemi tətbiq olunduğundan burada vətəndaşların və yük avtomobillərinin qeydiyyata alınmasında heç bir problem yaranmır. Komissiya üzvləri bu məsələnin Rusiyanın aidiyyəti orqanları ilə müzakirə olunmasını qərara alıblar.


Müzakirə edilən digər mühüm məsələlərdən biri də miqrasiya qanunvericiliyinin tətbiqi və iki ölkənin miqrasiya qurumları arasında əlaqələrin genişləndirilməsi olub. Rusiya Federal Miqrasiya Xidməti rəhbərinin birinci müavini Yekaterina Yeqorova ölkədə miqrasiya qanunvericiliyi sahəsində həyata keçirilən yeniliklərdən danışaraq, əmək miqrasiyası ilə bağlı statistik məlumatları səsləndirib.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan vətəndaşlarının sərhəd-keçid məntəqələrində üzləşdikləri problemlərdən danışaraq Rusiyada təhsil alan azərbaycanlı tələbələrin, yaxud ailə üzvlərindən birinin keçid məntəqələrində səbəbi aydınlaşdırılmadan saxlanması və ya deportasiya olunması hallarına rast gəlindiyini söyləyib: “Bundan başqa, Azərbaycan vətəndaşlığından çıxma və Rusiya vətəndaşlığını qəbul etmə proseslərində də uyğunsuzluqlar var”.


Səfir qeyd edib ki, iki ölkənin miqrasiya xidmətləri bu istiqamətdə daha sıx əməkdaşlıq etməlidirlər.

Komissiya üzvləri miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə işlərinin təşkili sahəsində fəaliyyət planının hazırlanmasını qərara alıblar.


İclasda iqtisadi, humanitar və sosial sahələrdə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədilə iki ölkənin vergi, gömrük və miqrasiya qanunvericiliklərinin uyğunlaşdırılması, beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrin möhkəmləndirilməsi və digər məsələlər müzakirə olunub.


Qeyd edək ki, Azərbaycandan gələn nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, parlamentin deputatları, habelə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Vahid Qəhrəmanov daxildirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR