Azərbaycanın 15 ali məktəbindən 15 minə yaxın tələbə “SABAH” qruplarında təmsil olunacaq

Azərbaycanın 15 ali məktəbindən 15 minə yaxın tələbə “SABAH” qruplarında təmsil olunacaq
# 03 fevral 2014 11:12 (UTC +04:00)

Ali təhsil müəssisələrinin akkreditasiya sistemi yaradılacaq

Bakı. Könül Kamilqızı - APA. “Ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində “SABAH” qruplarının təşkil edilməsi zəruri məsələdir”.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdirinin müavini Yaqub Piriyev APA-ya açıqlamasında deyib ki, “SABAH” qrupları 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursu ən yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq. Onun sözlərinə görə, bu proses Təhsil Nazirliyinin tabeliyindəki 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək: “Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda – 79,5%, humanitar və sosial ixtisas qrupunda – 67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda – 57,3%, təbiət ixtisas qrupunda – 87,8%, texniki və texnoloji ixtisas qrupunda – 49,5% təşkil edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur. Müxtəlif ali təhsil müəssisələrində formalaşan “SABAH” qruplarının aid olduğu ixtisaslar üzrə kadr hazırlığı, elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə II kursdan təhsilini davam etdiriləcək. “SABAH”" qruplarına tələbələrin seçilməsi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uyğun aparılacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda təhsil alanların hüquqlarının qorunması və aparılan tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə təhsil müəssisələrinin akkreditasiya sistemi yaradılacaq. Onun sözlərinə görə, təhsil sistemi inkişaf etmiş dövlətlərin akkreditasiya mexanizmlərinin ölkəmizdə tətbiqi, təhsil müəssisələrinin özlərinin akkreditasiyadan keçməsində maraqlı olmalarının stimullaşdırılması, özünütəhlil işinin daha da yaxşılaşdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR