Prezident İlham Əliyev: “Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanı rus icması olmadan təsəvvür etmək mümkün deyil”

Prezident İlham Əliyev: “Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanı rus icması olmadan təsəvvür etmək mümkün deyil”
# 26 dekabr 2013 12:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev “Rus İcması - 20 il yeni Azərbaycanın xalqlar ailəsində” respublika konfransının iştirakçılarına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu unikal məkan olub: “Xalqımızın mentalitetinə xas olan yüksək insanpərvərlik və dözümlülük ayrı-ayrı xalqların və etnik qrupların yüz illər boyu burada əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində, etnik-dini tolerantlıq mühitində yaşamasını təmin edib. Biz cəmiyyətimizdə mövcud olan etnik-mədəni müxtəlifliyi, multikulturalist ənənələri xalqımızın tarixi nailiyyəti kimi qiymətləndirir və bunu milli siyasətimizin başlıca istiqamətlərindən biri hesab edirik.

Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətini rus icması olmadan təsəvvür etmək mümkün deyil. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda sayca ən çox rus məhz bizim ölkədə yaşayır. Onlar Azərbaycanı özlərinin doğma vətəni sayır, ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi həyatımızın bütün sahələrində yaxından iştirak edirlər. Bir çox rus vətəndaşımız ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mübarizədə əsl vətənpərvərlik və qəhrəmanlıq nümunələri göstəriblər.

Azərbaycanla Rusiya arasında mehriban dostluq və qonşuluq münasibətləri zəngin tarixi ənənəyə malikdir. Hazırkı mərhələdə həmin ənənələrə əsaslanan və bütün sahələri əhatə edən çoxtərəfli əməkdaşlıq əlaqələrimizin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və icmalar əhəmiyyətli rol oynayır.

Əziz dostlar!

Rus İcması ictimai birliyi Azərbaycanda yaşayan rusları layiqincə təmsil edərək, son 20 ildə səmərəli bir yol qət edib. Əminəm ki, təşkilatınız ölkəmizdə vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əzmkar fəaliyyətini bundan sonra da davam etdirəcək. Bu yolda hər birinizə cansağlığı və uğurlar arzulayıram. Sizi Azərbaycanın Rus İcması təşkilatının yaradılmasının 20 illiyi münasibətilə ürəkdən salamlayır, hamınıza ən səmimi arzularımı yetirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR