İran və FİFA prezidentləri arasında görüş keçirilib

İran və FİFA prezidentləri arasında görüş keçirilib
# 07 noyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda səfərdə olan FİFA prezidenti Jozef Zepp Blatter bu ölkənin hökumət başçısı Həsən Ruhani tərəfindən qəbul edilib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, görüşdə Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti Şeyx Salman da iştirak edib.

H.Ruhani bildirib ki, futbol müxtəlif ölkə, xalq, mədəniyyət və əlaqələri bir-birinə yaxınlaşdıra biləcək qabiliyyətə sahibdir: “Bu gün futbol sırf bir idman növü olmaqla qalmır. Bu idman növünün parlaq ulduzları dünyanın hər tərəfində matçlara çıxarkən əslində ölkələrin sülh elçiləri xüsusiyyətindədirlər”.

İran prezidenti beynəlxalq səviyyədə futbol, futzal və çimərlik futbolu müsabiqələrinə ev sahibliyi etməyə hazırdır: “İran böyük idman qabiliyyətlərinə sahib bir ölkədir. Ona görə də bu gün İran Asiya Millətlər Kuboku, futzal və çimərlik futbolu müsabiqələrinə dünya çempionatları səviyyəsində ev sahibliyi etməyə hazırdır”.

H.Ruhani FİFA və AFC prezidentlərinə İranın 2019-cu ildə Asiya Millətlər Kubokuna ev sahiblik etməsinə dəstək verdiklərinə görə təşəkkür edib. İran prezidenti FİFA-nı İran da daxil olmaqla bölgə ölkələrinə futbolla bağlı daha çox yardım göstərməsini xahiş edib. H.Ruhani həmçinin J.Blatterin islami əxlaq və qaydalar diqqətə alınaraq müsəlman qadınların da idman yarışlarına qatılması üçün lazımi şərait yaratmasını təqdir edərək, bu addımın müxtəlif ölkələrdə, xüsusilə İslam ölkələrində futbolun daha da inkişafına səbəb olduğunu vurğulayıb.

J.Blatter isə öz növbəsində futbolda ali məqsədin dünyanın müxtəlif xalqları arasında bir ictimai, mədəni və idman fəaliyyəti olduğunu söyləyib: “Futbol ölkələr və xalqlar arasında sülhün barışın təmin edilməsi üçün çox təsiredici vasitədir. Ona görə də sizə futbol başda olmaqla idman sahəsinə göstərmiş olduğunuz diqqətə görə təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR