Mahmud Əhmədinejadın məhkəməsinin vaxtı məlum olub

Mahmud Əhmədinejadın məhkəməsinin vaxtı məlum olub
# 18 iyun 2013 12:00 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejadın məhkəmə prosesi bu il noyabrın 25-də, yəni prezident səlahiyyətlərinin bitməsindən 4 ay sonra başlayacaq. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, işə Tehran vilayətinin Ağır Cinayətlər Məhkəməsinin 76-cı şöbəsində baxılacaq. Artıq bununla bağlı M. Əhmədinejada çağırış vərəqəsi göndərilib.

M. Əhmədinejad məhkəməyə parlamentin sədri Əli Laricani, parlamentin 90-cı qanun komissiyasının sədri Məhəmmədəli Purmuxtar və sadə vətəndaş Yaqub Xəlilnejadın şikayəti əsasında çağırılıb. İran Konstitusiyasına görə, fiziki və hüquqi şəxslər prezident, vitse-prezidentlər və nazirlər haqqında şikayət edə bilirlər.

Qeyd edək ki, Ə. Laricaninin şikayətinin M. Əhmədinejadın fevralın 3-də İran parlamentində qardaşı Fazil Laricani barəsində yaydığı qalmaqallı audioyazı və ittihamlarla bağlı olduğu ehtimal edilir. M. Purmuxtarın şikayətinə səbəb isə M. Əhmədinejadın ötən il ABŞ-ın Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının yığıncağına özü ilə bərabər 125 nəfəri aparması və bununla da ölkəni xərcə salmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR