BMT Baş Assambleyası İran əleyhinə qətnamə qəbul edib

BMT Baş Assambleyası İran əleyhinə qətnamə qəbul edib
# 19 dekabr 2013 09:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT Baş Assambleyası İran əleyhinə qətnamə qəbul edib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sənəd dekabrın 18-də 86 ölkə lehinə, 36 ölkə əleyhinə olmaqla təsdiqlənib.

Qətnamədə İranda insan haqlarının ciddi şəkildə pozulmasından dərin narahatlıq ifadə edilir. Ancaq bununla yanaşı, İran prezidenti Həsən Ruhaninin bəzi sahələrdə insan hüquqlarının yaxşılaşdırılması isə bağlı verdiyi vədlər, xüsusilə qadınlara və dini azlıqlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, ifadə və etiqad azadlığı ilə əlaqədar diqqət və səyləri təqdir olunur. Sənəddə həmçinin H.Ruhaninin mülki hüquqlarla bağlı təşəbbüsü alqışlanaraq, İrandan üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün konkret addımlar atması istənilir.

Qeyd edək ki, bu qətnamə ötən ay BMT Baş Assambleyasının üçüncü komitəsində 83 lehinə, 36 əleyhinə və 62 ölkə bitərəf qalmaqla qəbul edilmiş sənəd əsasında təsdiqlənib. Bu qətnamənin heç bir hüquqi nəticəsi olmasa da, İrana qarşı bir qədər beynəlxalq təzyiqləri artıracaq və onu dünyadan təcrid etmiş olacaq. Qətnamə qəbul edilməmişdən əvvəl İranın BMT Baş Assambleyasındakı nümayəndəsi onu qəbuledilməz adlandırıb və ölkəsindəki reallıqları əks etdirmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR