Mehdibəy Səfərov: “Hacıbaba Əzimov Koordinasiya Şurasından çıxarılmasa, Milli Şuranı tərk edəcəyəm”

Mehdibəy Səfərov: “Hacıbaba Əzimov Koordinasiya Şurasından çıxarılmasa, Milli Şuranı tərk edəcəyəm”
# 23 yanvar 2014 16:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Şuranın üzvü, Azəri-Talış ictimai birliyinin sədri Mehdibəy Səfərov Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, Milli Şuranın üzvü Hacıbaba Əzimovu dövlətçiliyə, milli birliyə zərbə vurmaqda ittiham edib.

M.Səfərovun APA-ya göndərdiyi bəyanatda qeyd edilir ki, H.Əzimov azsaylı xalqların tarixini, dilini, mədəniyyətini, eləcə də bu dəyərlərin hifz olunmasında xidmət göstərən ziyalıları təhqir və təhdid edir: “Tarix elmləri doktoru Hacıbaba Əzimov mətbuata verdiyi müsahibələrində, yazdığı məqalələrində heç bir epizod, sübut, fakt və arqument göstərmədən, “misli görünməmiş” canfəşanlıqla mənə “separatçı” damğası vuraraq, xarici kəşfiyyata işləməkdə suçlayır. Halbuki mən həmişə ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğunda, eləcə də bu hüquqların tərkib hissəsi olan vətəndaşların milli özünü ifadə hüquqlarının qorunmasında, inkişafında Azərbaycan Konstitusiyasının maddələrini əsas götürmüşəm. Azərbaycanın dövlətçiliyi və ərazi bütövlüyü mənim üçün müqəddəs və toxunulmazdır!”

M.Səfərov VAMBP sədrinin əsərlərindən nümunələr göstərməklə onu ermənilərin mövqeyini müdafiə etməkdə ittiham edib: “Hacıbaba Əzimov 6 kitab və 2 kitabçanın müəllifidir. Mən onun keçmiş SSRİ vaxtında “Bakı Kommunası” və “Böyük Oktyabr Azərbaycanda” əsərlərindəki ifadə etdiyi fikirlərindən nümunələr gətirəcəyəm. “Bakı Kommunası” əsərini o, başdan-ayağa Bakı kommunarlarının, xüsusən Stepan Şaumyanın inqilabi fəaliyyətinə həsr edib, onu “milli qəhrəman” səviyyəsinə qaldırıb. Əsərdə Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyasının mürtəceliyini, satqınlığını və xalqın qanuni hökumətini - Kommunanı devirmək üçün etdiyi “murdar cəhdlər” ifşa edilir. “Böyük Oktyabr Azərbaycanda” əsərində H.Əzimovun sözlərindən belə çıxır ki, Bakıda və Azərbaycanın bir sıra bölgələrində daşnaklar tərəfindən azərbaycanlılara qarşı törədilən milli qırğınlar adicə vətəndaş müharibəsidir, bunu genosid siyasəti adlandıranlar isə böhtançılardır. Azərbaycan xalqının düşmənlərinin milli qəhrəmanlarımız səviyyəsinə qaldırılması, görəsən, Hacıbaba Əzimova nə verir? Böyük işğalçı imperiyanın “qardaş xalqların sovetlər ailəsi” şəklində mədh edilməsi ilə yanaşı, “Vahid Azərbaycanın milli birliyi”ndən danışmaq, görəsən, nə dərəcədə uyğun gəlir? Siz kimsiniz, doktor Hacıbaba? Bax, bu sualın cavabını qoy, Azərbaycan Tarix İnstitutu versin. Çünki xalq hər kəsi necə varsa, elə də tanımalıdır. Bunu mürəkkəb xarakterli müasir dövrün sərt qanunları və ən əvvəl isə respublikamızın tarix elminin şərəfi və qeyrəti tələb edir!”

M.Səfərov APA-ya açıqlamasında onu da bildirib ki, H.Əzimovun Milli Şuranın Koordinasiya Şurasından çıxarılması ilə bağlı quruma müraciət edib: “Bildirmişəm ki, Hacıbaba Əzimov kimi insanların burada təmsil olunması artıq Milli Şuranın demokratiya, azad cəmiyyət quracağı barədə məndə şübhə yaradır. Ona görə də məsələ qaldırmışam ki, onun Koordinasiya Şurasında iştirakı bizə gələcəkdə problem yaradacaq”.

M.Səfərov qeyd edib ki, H.Əzimova qarşı tədbir görülməsə, Milli Şuranı o özü tərk edə bilər.

VAMBP sədri Hacıbaba Əzimov isə APA-ya açıqlamasında M.Səfərovun bütün ittihamlarının cəfəngiyat olduğunu vurğulayıb: “Onun mənə yönəltdiyi ittihamlar əslində öz əməlidir. Mehdibəy Səfərov bu əməlini indi yox, 1993-cü ildə Talış Mədəniyyət Mərkəzinin sədrliyini ələ keçirəndən sonra həyata keçirir. O, qondarma “Talış Muğan Respublikası”nın yaranmasında da fəal iştirak edib və Azərbaycan dövlətinin təməl prinsiplərini dağıtmaq üçün fəaliyyət göstərib. Yəni bu qondarma respublikanın yaradılmasında iştirak etməklə Azərbaycanı kiçik dövlətlərə parçalamaq istəyib. O zaman Mehdibəy Səfərov kimi adamların qarşısını biz xalqın dəstəyi ilə aldıq. O, özünün cinayət əməllərini mənə aid etmək istəyir. İndi bunlar yenə üzə çıxıblar. Əvvəlcə Talış Birliyi adında bir qondarma qurum yaratmaq istədilər, lakin cəmiyyətdən təpki aldıqlarına, ifşa olunduqlarına görə çox riyakarcasına adını dəyişib Azəri-Talış Birliyi qoydular. Mənim talışlara çox böyük hörmətim olub, onları rektoru olduğum universitetdə işə götürmüşəm”.

H.Əzimov bildirib ki, əsərində Stepan Şaumyanı müsbət qəhrəman kimi göstərməyib, əksinə, onun başçılıq etdiyi daşnakların Azərbaycan xalqına qarşı törətdiyi əməllərdən yazıb: “Onun dedikləri hamısı ağ yalandır. Mən 1989-cu ildə “Azərbaycan Kommunisti” jurnalındakı məqaləmdə müsavatçıları 1917-ci ilin noyabrında Müəssislər Məclisində keçirilən seçkilərdə Bakıda bolşeviklərdən sonra ən çox səs almış şəxslər kimi göstərmişəm. Heç kim mənim əsərimdə Stepan Şaumyan haqqında müsbət söz tapa bilməz. Əksinə, mən onun başçılıq etdiyi ordunun Azərbaycan əhalisinin qırılmasında, qətliamlarda oynadığı rol barədə yazmışam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR