İran jurnalistləri ölkə prezidentinə məktub yazıb

İran jurnalistləri ölkə prezidentinə məktub yazıb
# 27 yanvar 2014 10:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran jurnalistləri ölkə prezidenti Həsən Ruhaniyə məktub yazıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, onlar İran Jurnalistlər Assosiasiyasının fəaliyyətinin yenidən bərpa olunmasını istəyirlər.

Məktubu yazılı və elektron kütləvi informasiya vasitələrində çalışan 772 jurnalist imzalayıb. Məktubda H.Ruhaninin prezident seçkilərində verdiyi vədlərə istinad edilərək, bununla bağlı göstəriş verməsi və qurumun açılışının sürətləndirilməsi xahiş olunub.

Sənəddə həmçinin qeyd olunub ki, İran Jurnalistlər Assosiasiyasının fəaliyyətinin bərpasının ölkə prezidentinin yüz ilk iş günü ərzində gözlənilsə də, bu, hansısa səbəbdən baş verməyib: “Biz ümid edirik ki, hökumətin ikinci yüzgünlük fəaliyyətinin sonunda İran Jurnalistlər Assosiasiyasının açılışının şahidi olacağıq”.

Qeyd edək ki, İran Jurnalistlər Assosiasiyası 1992-ci ildə Məhəmməd Xatəminin prezidentliyi dövründə yaradılıb. Ancaq 2009-cu ildə Mahmud Əhmədinejadın ikinci dəfə ölkə prezidenti seçilməsindən bir neçə ay sonra İran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təzyiqləri və Tehran şəhərinin sabiq prokuroru Səid Mürtəzəvinin qərarı ilə bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR