“Ədəbi proses 2013: yekunlar və vəzifələr” adlı yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses 2013: yekunlar və vəzifələr” adlı yaradıcılıq müşavirəsi keçirilib
# 02 aprel 2014 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses 2013: yekunlar və vəzifələr” adlı yaradıcılıq müşavirəsi keçirilib.

APA-nın xəbərinə görə, müşavirədə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademiyanın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, bu yaradıcılıq müşavirəsi 30 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Onun sözlərinə görə, ölkədə 30 illik müddət ərzində ədəbi proseslər və bu sahə üzrə heç bir müşavirə keçirilmir. Müəyyən müddətdən sonra ölkədə ədəbi müşavirələri yenidən bərpa etməklə bu istiqamətdə yeni addımlar atılacaq: “1984-cü ilə kimi mövcud olan zaman ərzində çap olunan kitablar indi nadir nüsxələrə çevrilib. Ədəbiyyat İnstitutu ötən ildən başlayaraq ədəbi prosesə həsr olunan yaradıcılıq müsabiqəsini yenidən keçirmək ənənəsini davam etdirmək qərarına gəlib. Bu gün mövcud olan vəziyyət müşavirələrin yeni format və müstəvidə keçirilməsini tələb edir. Ədəbi müşavirələr müstəqil Azərbaycan dövlətində baş verən ədəbiyyat hadisəsinə uyğun gəlməli, qarşıda hansı vəzifələrin durduğunu əks etdirməlidir”.

İ. Həbibbəyli qeyd edib ki, ədəbi yaradıcılıq müşavirələrinin Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə keçirilməsi barədə razılığa gəlinib. Onun sözlərinə görə, bu il müşavirə Azərbaycan Milli Elmlər Akademiyasında keçirildiyi halda, gələn il bu tədbir Yazıçılar Birliyinin Natəvan Klubunda keçiriləcək. Bununla da ildən-ilə müşavirələrin yeri dəyişilməklə təşkil olunacaq və qarşılıqlı fikir mübadilələri aparılacaq.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid 30 illik fasilədən sonra belə müşavirələrin keçirilməsini yüksək qiymətləndirib: “Bu gün mətbuat orqanları çoxdur, istənilən şəxs-müxtəlif yazarlar, gənc ədiblər müxtəlif yazılarla çıxış edirlər. Xaos bir vəziyyət yaranıb. Kiminsə haqqında ədəbi tənqidçilər bir söz deməyə çətinlik çəkirlər. Amma siz bilin ki, sarı ədəbiyyat adamları sizdən çəkinib qorxurlar. Sizin bir fikriniz onlar üçün sarsıdığı bir zərbə ola bilər. Həqiqi ədəbi dəyərin, bədii-estetik fikrin harada olduğunu bildirmək üçün ədəbiyyat oxumaq istəyən insanların ədəbi tənqidçilərə böyük ehtiyac var. Sizi müşavirənin keçirilməsində də yaxından iştirak etməyə çağırıram”.

Müşavirə ədəbi tənqidçilərin məruzələri, qarşılıqlı fikir mübadiləsinin aparılması ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR