Son 20 ildə ilk dəfə olaraq Azərbaycanda peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası və avtomobillər təqdim edilib

Son 20 ildə ilk dəfə olaraq Azərbaycanda peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası və avtomobillər təqdim edilib
# 25 yanvar 2014 14:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi ötən ildə də davam etdirilib.

Təhsil Nazirliyindən APA - ya verilən məlumata görə, Gəncə şəhərində fəaliyyət göstərən 6 ilk peşə-ixtisas təhsili müəssisəsindən dördündə əsaslı təmir, birində isə yenidənqurma işləri aparılıb.

Bundan əlavə, bir çox peşə təhsili müəssisəsi müxtəlif texnika və avadanlıqlar, inventar, yumşaq mebel dəstləri və digər avadanlıqlarla təmin olunub. Son 20 ildə ilk dəfə olaraq peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası və avtomobillər təqdim edilib. “Savadlı Cəmiyyət – Müasir Təhsilə Dəstək İctimai Birliyi” tərəfindən 40 ixtisas üzrə yeni kurrikulumlar hazırlanaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə paylanılıb.

Ötən il Təhsil Nazirliyi ilə Azərbaycan Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb. 2013-cü ildən başlayaraq nazirlik “Müasir Azərbaycan Peşəkarları Layihəsi”nin icrasına başlayıb. Bununla əlaqədar KNAUF, “BOSCH”, Belarus hökuməti, “Eldar Studio” və Yaponiyanın ölkəmizdəki səfirliyi ilə birlikdə bir sıra layihələr həyata keçirilib.

2013-cü ildə Avropa Komissiyasının dəstəyi və Almaniya hökumətinin texniki köməkliyi ilə həyata keçirilən “Kənd təsərrüfatı sahəsində İlkin Peşə Təhsilinin Möhkəmləndirilməsi” Tvinninq layihəsi başa çatıb. Mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin yüksəldilməsi məqsədi ilə xarici ölkələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi prosesi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR