Məleykə Abbaszadə: “Builki sınaq imtahanlarının nəticələri ötənilki nəticələrlə eyni səviyyədədir”

Məleykə Abbaszadə: “Builki sınaq imtahanlarının nəticələri ötənilki nəticələrlə eyni səviyyədədir”
# 07 may 2013 11:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ölkədə keçirilən sınaq imtahanlarına əsasən builki abituriyentlərin hazırlıq səviyyəsini qiymətləndirib. APA-nın xəbərinə görə, M. Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, builki nəticələrin ötənilki nəticələrlə eyni səviyyədə olduğunu söyləmək olar: “Mən deyə bilmərəm ki, bu il sıçrayış baş verib, hansısa fənn üzrə daha yüksək nəticələr əldə edilib və yaxud abituriyentlər aşağı nəticə göstəriblər. Sınaq imtahanları bundan sonra da keçiriləcək. Həmin imtahanlardan sonra builki abituriyentlərin bilik səviyyəsi haqqında ümumi fikir söyləmək olar”.

TQDK sədri sınaq imtahanlarının ölkənin bütün regionlarında keçirildiyini və hazırda davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, müəyyən rayonlarda sınaq imtahanlarında iştirak edən abituriyentlərin sayı az olsa da, TQDK tərəfindən həmin yerlərdə də bu imtahanlar keçirilir: “TQDK-nın regional bölmələrinin yerləşdiyi rayonlarda keçirilən sınaq imtahanlarında ətraf rayonlarda yaşayan abituriyentlər də iştirak edə bilər. Mən sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edirəm. Çox zaman Bakıda sınaq imtahanı üçün yerlər elan olunan kimi həmin yerlərə abituriyentlər çox qısa zamanda yazılırlar, yerlər isə tez qurtarır. Bəzən görürük ki, regionlardan olan abituriyentlər də Bakıda keçirən sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Ancaq buna zərurət yoxdur. Çünki biz hər bir regionda bu imtahanları keçiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR