BMT Urmiya gölünün qurumasının qarşısının alınması üçün İranla əməkdaşlığa hazır olduğunu bildirib

BMT Urmiya gölünün qurumasının qarşısının alınması üçün İranla əməkdaşlığa hazır olduğunu bildirib
# 22 oktyabr 2013 07:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT Urmiya gölünün qurumasının qarşısını almaq üçün İranla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, BMT İnkişaf Proqramının (UNDP) Tehrandakı təmsilçisi Qari Levis bununla bağlı oktyabrın 20-də İranın Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi və Ekologiya İdarəsinin sədri Həsən Abbasnejada məktub ünvanlayıb. Məktubda qeyd olunub ki, Urmiya gölü yalnız milli miras deyil: “Bu göl bütün dünyaya aiddir. Ona görə də gələcək nəsillər Urmiya gölündəki ekoloji böhranın aradan qaldırılması üçün hansı üsulların həyata keçirilməsi barədə hökm verəcəklər”.

Q. Levis İran göllərinin qorunması sahəsində BMT İnkişaf Proqramı ilə İranın Ətraf Mühitin Mühafizəsi və Ekologiya Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını açıqlayıb: “Urmiya gölünün hazırkı vəziyyətdən yeganə qurtuluşu bu gölün su hövzələrinin ətraflı şəkildə idarə edilməsi üsullarının geniş həyata keçirilməsindən asılıdır”.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR