İranın xarici işlər naziri Türkiyənin baş naziri ilə görüşüb

İranın xarici işlər naziri Türkiyənin baş naziri ilə görüşüb
# 06 yanvar 2014 12:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İstanbulda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

APA-nın «Mehr» agentliyinə istinadən verdiyi məlumata görə, qapalı keçirilən bir saatlıq görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edib.

Görüşdə tərəflər iki ölkə arasında mövcud əlaqələrin inkişaf etməsi və əməkdaşlığın bütün sahələr üzrə genişlənməsindən məmnun qaldıqlarını deyərək, Türkiyənin baş naziri R.T.Ərdoğanın İrana gözlənilən səfəri ilə bağlı fikir mübadiləsi aparıblar.

M.C.Zərif və R.T.Ərdoğan həmçinin 2015-ci ilədək iki ölkə arasında ticarət dövriyyəsinin 30 mlrd. dollara çatdırılması üçün bütün imkanlardan istifadə edilməsi və ticarət fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılmasını məqsədəuyğun sayıblar. Eyni zamanda, tərəflər yaxın gələcəkdə keçirilməsi planlaşdırılan Türkiyə-İran hökumətlərarası iqtisadi komissiyasının toplantısına müsbət yanaşdıqlarını vurğulayıblar. Bundan əlavə, görüşdə Suriya, İraq, Əfqanıstan və Misirdəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və hər iki ölkənin Suriya böhranı ilə bağlı ortaq mövqe nümayiş etdirməsi və problemin siyasi yolla həllinin zəruri olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR