Bakıda «İnterkabel» Beynəlxalq Assosiasiyasının iclası keçirilir

Bakıda «İnterkabel» Beynəlxalq Assosiasiyasının iclası keçirilir
# 21 may 2013 10:57 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkənin qeyri-neft sənayesinin inkişafından danışıb və bildirib ki, hazırda Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının (Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parkları) yaradılması istiqamətində tədbirlər həyata keçirilir: «Artıq açılmış Sumqayıt Texnoloji Parkında yaradılmış istehsal sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması prosesi gedir».

N.Səfərov onu da əlavə edib ki, ölkədə məşğulluğun artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə artıq Sumqayıt Texnoloji Parkı (STP) yaradılıb və Azərbaycan sənaye parklarının fəaliyyətinin səmərəli təşkili üçün xarici təcrübənin öyrənilməsində maraqlıdır.

Tədbirdə çıxış edən «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev Azərbaycanın qeyri-neft sənayesinin potensialından danışıb və bildirib ki, hazırda STP-də bir çox zavod və müəssisələr ən son texnologiyaları tətbiq etməklə fəaliyyət göstərir: «Bir çox zavoddan ibarət olan STP-də müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir».

E.Pirverdiyev STP-də 2009-cu ilin dekabr ayından etibarən fəaliyyət göstərən Kabel Zavodu barədə də danışıb və bildirib ki, sözügedən zavod regionun ən böyük kabel istehsal edən müəssisəsi hesab olunur.

Tədbirdə çıxış edən «İnterkabel» Beynəlxalq Assosiasiyanın prezidenti İzyaslav Peşkov Azərbaycanın qeyri-neft sənayesinin potensialını yüksək qiymətləndirib və bildirib ki, hazırda ölkədə müasir avadanlıqlarla təchiz olunan iri və güclü zavodlar fəaliyyət göstərir. İ.Peşkov STP-nin fəaliyyətini də yüksək qiymətləndirərək qeyd edib ki, sözügedən texnologiyalar parkı Avropanın ən iri parklarından hesab olunur.

Tədbirin əhəmiyyətinə toxunan İ.Peşkov bildirib ki, «İnterkabel» Beynəlxalq Assosiasiyasının 45-ci ümumi iclasında 21 ölkədən olan 91 şirkətin nümayəndələri iştirak edirlər: «MDB məkanından Rusiya, Ukrayna, Belarus, Azərbaycan və Özbəkistan bizim assosiasiyanın üzvüdür. Tədbirdə müxtəlif mövzuları əhatə edən simpoziumlar təşkil olunub ki, mayın 24-dək davam edəcək tədbir çərçivəsində bu sahənin yeni istiqamətləri müzakirə olunaraq işlənib hazırlanacaq. Eyni zamanda, tədbirdə iştirak edən şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək».

İ.Peşkov həmçinin əlavə edib ki, «İnterkabel» Beynəlxalq Assosiasiyasının növbəti iclasları Serbiya və Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, 4 gün davam edəcək tədbirdə ABŞ, Kanada, Avstriya, Almaniya, Macarıstan, Çexiya, Fransa, İtaliya, Niderland, İspaniya, İsveçrə, Polşa, Slovakiya, Serbiya, Belçika və Finlandiya kimi ölkələrdən şirkət nümayəndələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR