Təhsil naziri bağça və məktəblərdəki problemləri açıqlayıb

Təhsil naziri bağça və məktəblərdəki problemləri açıqlayıb
# 12 iyun 2014 11:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsi ümumi tələbatın 20 faizə qədərini ödəyə bilir.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturu və burada uşaq yerlərinin sayı təxminən 100 uşaqdan 20 uşaq üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin imkanlarının artırılması üçün cəmiyyət, valideynlər tərəfindən bu sahə ilə bağlı qərarlar daha düşünülmüş şəkildə verilməlidir: “İstənilən halda məktəbəqədər təhsil infrastrukturunda olan problemlər üzərində dövlət işləyir. Uşaq bağçaları tikilir, özəl uşaq bağçaları yaradılır. 2014-cü ilin yanvarından Vergi Məcəlləsində ciddi dəyişiklər edilib və bu sahədə yeni mexanizmlər tətbiq edilib ki, məktəbəqədər təhsil sahəsinin əhatə dairəsi mümkün qədər genişlənsin”.


Təhsil naziri orta məktəblərdəki vəziyyət barədə də məlumat verib. O qeyd edib ki, bu gün bir sıra məktəblərə olan tələbat oradakı yerlərin sayı ilə üst-üstə düşmür. Dövlətin bu problemlin aradan qaldırılması üçün konkret addımlar atdığını deyən nazirin fikrincə, hər il ümumtəhsil sistemində yeni məktəblər tikilir: “Məqsədli şəkildə çalışırıq ki, məktəblərdə təhsil səviyyəsi eyni səviyyədə saxlanılsın. Amma burada təhsil sistemi ilə bağlı olmayan məsələlər də var. Nazirlik olaraq hər zaman ictimaiyyət üçün istənilən müzakirəyə açığıq. Təhsildəki problemlərin həlli ilə bağlı daha ədalətli, məntiqli, düzgün fikirləri dinləməyə hazırıq. Problem ondan ibarətdir ki, bir çox hallarda verilən təkliflər mövcud olan məlumata əsaslanmır. Belə olduğu halda biz qərarın verilməsini real məlumata əsaslanaraq veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR