Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır
# 21 oktyabr 2013 12:58 (UTC +04:00)

Bakı – APA. Sabah qadın voleybolçular arasında Çempionlar Liqasına start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub yarışında 11 ölkədən 24 klub mübarizə aparacaq. Bu komandalardan üçü – “Rabitə”, “İqtisadçı” və “Azəryol” Azərbaycanı təmsil edir.

2013/2014 mövsümündə Bakı klublarının hədəfi hələ ölkəmizin qazana bilmədiyi kuboka sahib çıxmaqdır.

Komandalarımızdan meydana öncə “Azəryol” çıxacaq. Bu mövsümə kimi “Azərreyl” adlanan klub İtaliya “Yamamay”ını qəbul edəcək. Görüş Ancelo Vercesinin yetirmələri üçün revanş xarakteri daşıyacaq. Çünki son mövsümdə “Azəryol”un “Dördlər finalı”na gedən yolunu məhz Busto Arsizio təmsilçisi kəsmişdi. Apenninlilər evdə qələbənin (3:2) ardınca Bakıda uduzsalar da (0:3), “Qızıl set”də sevinmişdilər (15:11).

Bu səbəbdən matçın gərgin keçəcəyi gözlənilir. Çünki braziliyalı mütəxəssis avrokuboklara qayıdışını qələbə ilə qeyd etmək arzusunda olduğu halda, “Yamamay” da ötən mövsüm “Dördlər finalı”nın iştirakçısı kimi gücünü göstərməyə çalışacaq.

Bu qarşılaşmanın ardınca “İqtisadçı” Serbiyada sınağa çıxacaq. “Tələbələr”in Çempionlar Liqasında debütü “Srvena Zvezda” ilə matça təsadüf edəcək. Görüşdə bakılıların “quru hesablı” qələbə qazanacağı proqnozlaşdırılır. Çünki əsasən gənclərdən qurulan Belqrad təmsilçisi “İqtisadçı” ilə eyni gücdə deyil.

Bu azmış kimi, “Srvena Zvezda” ölkə çempionatının son turunu əzəli rəqibi “Partizan”a da uduzub. Komandanın CEV kubokunda mübarizə aparan həmşəhərlilərinə məğlub olması güclü voleybolçulardan təşkil edilən komandamız üçün əlavə ruh yüksəkliyidir.

“Azəryol” və “İqtisadçı”nın ardınca son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” yeni heyətlə “döyüşə atılacaq”. Onlar oktyabrın 24-də Rusiyanın “Omiçka” klubunu qəbul edəcəklər.

Həmin görüşün digər 2 matçla müqayisədə daha maraqlı alınacağını söyləmək olar. Belə ki, hazırda şimal qonşularımızın çempionatında 1-ci pillədə gedən omsklular yeni mövsümdə 14 matçdır məğlubiyyət nə olduğunu bilmirlər. Onların əsas “silahı” Azərbaycan millisinin və “Rabitə”nin sabiq hücumçusu Natalya Məmmədovadır. Ondan Bakıda da uğurlu çıxış gözləməyə dəyər.

Ardınca Azərbaycan klubları ilə səfər görüşündə qələbə qazana bilməyən “Omiçka” bu dəfə tilsimi qırmağa çalışacaq. Lakin bu, heç də asan olmayacaq. Çünki onlardan fərqli, Bakıda məğlubedilməz olan “Rabitə”nin uğurlu seriyanı dayandıracağı inandırıcı deyil. Azərbaycan təmsilçisi həmişə Çempionlar Liqasına uğurla başladığından və qrup mərhələsində hansısa çətinlik çəkmədiyindən bu dəfə də komandaya ümidlər böyükdür.

22 oktyabr

I tur

E qrupu

18:00. “Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya)

Hakimlər: Mixaylo Melnik (Ukrayna), Tomas Murulo (Estoniya)

Bakı, Voleybol Mərkəzi

B qrupu

21:00. “Srvena Zvezda” (Serbiya) – “İqtisadçı” (Azərbaycan)

Hakimlər: Sotirios Delikostides (Yunanıstan), Dobromir Dobrev (Bolqarıstan)

Belqrad, “Sumiçe” İdman Kompleksi

24 oktyabr

A qrupu

17:00. “Rabitə” (Azərbaycan) – “Omiçka” (Rusiya)

Hakimlər: Yuri Bakunoviç (Belarus), Simone Santi (İtaliya)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Qeyd edək ki, reqlamentə əsasən hərəsində 4 komanda 6 qrupda gücünü yoxlayacaq. İlk 2 yeri tutacaq klublar növbəti mərhələyə yüksələcək. Həmin 12 komanda 2 mərhələdə mübarizə aparacaq və ardınca “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR