Lökbatanda baş verən kütləvi zəhərlənmə nəticəsində xəstəxanaya gətirilən 43 nəfərin diaqnozu açıqlanıb

Lökbatanda baş verən kütləvi zəhərlənmə nəticəsində xəstəxanaya gətirilən 43 nəfərin diaqnozu açıqlanıb
# 06 mart 2014 10:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Vilayət Əsgərov küçəsində baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə gətirilən 43 nəfərin diaqnozu açıqlanıb.

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onların hər birinə məişət qazı ilə zəhərlənmə diaqnozu qoyulub.

Baş toksikoloqun sözlərinə görə, məişət qazından haradasa sızma olub ki, insanlar arasında zəhərlənmə yaşanıb: “Mərkəzə gətirilərkən insanların vəziyyəti qaz sızmasından dəyişmişdi. Onlar gətirilərkən vəziyyətləri orta-ağır və yüngül idi. Zəhərlənənlərdə hava çatışmazlığı, ürək bulanma, ürək döyüntülərinin artması və bu kimi hallar müşahidə olunurdu. Zəhərlənənlər tez bir zamanda köməklik göstəriləndən sonra özlərinə gəliblər və evə buraxılıblar. Onların hamısının diaqnozu məişət qazı ilə zəhərlənmə olub”.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə gətirilən 43 nəfərin hamısı artıq evə yazılıb. Evə buraxılan 43 nəfərin 5-i uşaq, 11-i kişi, qalanları isə qadınlar olub.

Dünən axşam saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində beşmərtəbəli 4 yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.

Sakinlərin bildirdiklərinə görə, hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib.

Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, onu xilas etmək mümkün olmayıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR