AB: Viktor Yanukoviç hökuməti Avropa Birliyinin etimadını itirib

AB: Viktor Yanukoviç hökuməti Avropa Birliyinin etimadını itirib
# 20 dekabr 2013 13:47 (UTC +04:00)

Bakı - APA. Ukrayna hökuməti Avropa Birliyinin etimadını itirib.

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu hazırda Avropa Birliyinə sədrlik edən Litvanın prezidenti Dalya Qribauskayte bəyan edib. “Yanukoviç hökuməti Avropa Birliyinin etimadını Vilnüsdə, assosiativ Sazişi imzalamamaqla itirib. Hazırda Ukrayna xalqı gələcəyini özü müəyyən etməlidir”, - deyə D.Qribauskayte bildirib.

Avropa Parlamentinin prezidenti Martin Şults da öz növbəsində qeyd edib ki, Ukrayna hökuməti ilə danışıqlar davam edəcək. Əks təqdirdə ölkə Avropadan tam təcrid oluna bilər. M. Şults hazırda Avrointeqrasiya ideyalarını hökumət deyil, Ukraynanın müxalifətinin ifadə etdiyini vurğulayıb.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski isə eyhamla qeyd edib ki, Avropa Birliyi ilə yaxınlaşma kursunu bəyan edən Ukrayna hökuməti əslində buna cəhd etmir. “Danışıqlar təqdirə layiqdir, lakin bu, yalnız danışıq xətrinə aparılmamalı, səmimi olmalıdırlar”, - deyə Polşanın xarici işlər idarəsinin rəhbəri bildirib.

Xatırladaq ki, noyabrın sonunda Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ Sazişin imzalanmasına hazırlığı dayandırıb. Saziş Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində qüvvəyə minməli idi. Eyni zamanda, Ukrayna hökuməti nazirliklərə Rusiya və digər Gömrük İttifaqı ölkələri ilə iqtisadi əlaqələri fəallaşdırmağa çağırıb.

Daha sonra Ukrayna hökuməti Avropa Birliyi ilə müqavilənin imzalanmamasını ölkə iqtisadiyyatına risk gətirəcəyi ilə bağlayıb. Müxalifət isə razılaşmanın pozulmasını Rusiya ilə sövdələşmədə görür. Ukrayna müxalifətinin liderlərindən biri Arseniy Yatsenyukun fikrincə, prezident Viktor Yanukoviç Avropa Birliyi ilə yaxınlaşmadan imtina edərək, 2015-ci ildə yeni müddətə seçilmək üçün Rusiyadan 20 mlrd. ABŞ dollar alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR