Ceyhun Osmanlı: “Seçkili quruma seçkisiz sədrlik edən şəxsin seçkidən danışmağa mənəvi haqqı yoxdur”

Ceyhun Osmanlı: “Seçkili quruma seçkisiz sədrlik edən şəxsin seçkidən danışmağa mənəvi haqqı yoxdur”
# 11 sentyabr 2013 10:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Seçkili bir quruma 11 ildir ki, seçkisiz sədr seçilən Anar Məmmədlinin seçkidən danışmağa mənəvi haqqı yoxdur”.

Bunu APA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin Azərbaycanda keçiriləcək prezident seçkilərinin saxtalaşdırılacağı barədə proqnozlarına münasibət bildirərkən deyib.

Deputat xatırladıb ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2002-ci ildə ABŞ-ın Milli Demokratiya İnstitutunun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmış Seçki Monitorinq Mərkəzinin bazasında formalaşdırılıb: “Təşkilatın yaradılmasında qısa müddət sonra məhz Anar Məmmədlinin qeyri-şəffaf və avtoritar idarəetməsinə görə hələ o dövrün nüfuzlu qeyri-hökumət təşkilatları qurumu tərk etmişdilər. Maraqlı fakt odur ki, əslində QHT-lərin cəlb edilməsi yolu ilə seçki maarifləndirməsi və seçki müşahidəsi aparmalı olan bu qurum əslində Anar Məmmədlinin rəhbərliyi sayəsində heç vaxt qeyri-hökumət təşkilatlarının fikrini nəzərə almayıb. Bu qurum seçki rəylərini də bir-iki radikal müxalifət partiyasının protokolları əsasında formalaşdırıb. Bu da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil qurum olmadığını, təmsil etdiyi müxalifət düşərgəsinin bir uzantısı olduğunu sübut edir”.

C. Osmanlının fikrincə, Anar Məmmədli hazırda bu quruma qeyri-legitim olaraq sədrlik edir: “Çünki 2002-ci ildən bu yana nə Seçki Monitorinq Mərkəzində, nə də SMDT-də qanunvericiliyin tələblərinə uyğun olaraq qurultay və seçki keçirilməyib. Belə avtoritar ruhlu insanın demokratik seçkidən danışması ironiya yaradır”.

Deputat A. Məmmədlinin konkret xarici QHT-lərin tapşırıqlarını yerinə yetirdiyini deyib: “Anar Məmmədli ötən seçkilərdə müşahidə aparmaq üçün ABŞ-da fəaliyyət göstərən Demokratiya Dəstək Milli Fondu və Milli Demokratiya İnstitutu tərəfindən dəstəklənib. Elə Anar Məmmədlinin layihələrinin son hesabatlarının da həmin ofislər vasitəsilə canfəşanlıqla seçki sonrası “siyasi kəşf” kimi təqdim edilmək cəhdləri bu proseslərin vahid ssenariyə uyğun həyata keçirildiyini göstərir”.

C. Osmanlı deyib ki, Avropa Komissiyasından gələn qrantlar Anar Məmmədlinin şəxsi hesabına ödənilib: “Anar Məmmədlinin Avropa Komissiyasının qrantını təşkilatın hesabına deyil, öz şəxsi hesabına necə oturtması isə yəqin ayrıca bir araşdırma mövzusudur”.

Deputat qeyd edib ki, QHT rəhbərinin son açıqlamaları Azərbaycan üçün “növbəti bir arxadan vurulan zərbə ssenarisi”nin və “qrant həzminin legitimləşdirilməsi”nin tərkib hissəsidir: “ Əminəm ki, Anar Məmmədli də Rüstəm İbrahimbəyovun ən son çəkmək istədiyi və tamamlaya bilmədiyi uğursuz “Milli Şura” filminin aktyorlarından biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR