İranda tanınmış azərbaycanlı yazarın tutulması Xalidə Xalidin həbsi ilə bağlıdır

İranda tanınmış azərbaycanlı yazarın tutulması Xalidə Xalidin həbsi ilə bağlıdır
# 10 may 2013 10:23 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal, yazar və şairin həbsinin səbəbləri məlum olub.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, İlqar Müəzzinzadənin tutulması AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin həbsi ilə bağlıdır. Xəbərdə həbsin detalları barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, İ.Müəzzinzadə mayın 8-də Meşkinşəhr (Xiyav) şəhərində həbs edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları onun yaşadığı ata evinə hücum edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil olmasına etiraz edib. Bu səbəbdən məmurlar tərəfindən döyülən E.Müəzzinzadə də həbs olunub. Daha sonra ETTELAAT əməkdaşları evdə axtarış aparıb, azərbaycanlı yazara məxsus kompüteri, kitabları və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. Mayın 9-da isə E.Müəzzinzadə azadlığa buraxılıb.

Xatırladaq ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onlarla birlikdə Məhəmməd Rəşidi, aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs də həbs edilib. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda Azərbaycan Respublikasının iki vətəndaşının və azərbaycanlı fəal Məhəmməd Rəşidinin harada saxlanıldıqları məlum deyil. Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir. Fərhadi soyadlı şəxsin İran Qızıl Aypara Cəmiyyətinin Təbrizdəki aptekinin müdiri olduğu bildirilir. Azadlığa buraxılmış şəxslərə qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR