DAK Urmiya gölünün quruması ilə bağlı bəyanat verib

DAK Urmiya gölünün quruması ilə bağlı bəyanat verib
# 24 oktyabr 2013 11:45 (UTC +04:00)

Bakı-APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) Urmiya gölünün quruması ilə bağlı bəyanat verib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, Güney Azərbaycanın Urmiya gölü dünyanın ikinci duzlu gölü kimi UNESCO-da təbii xəzinə kimi tanınsa da, son illərdə İran rejiminin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsi ilə qarşı-qarşıya qalıb: “Bu problemlə əlaqədar bir çox rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, fars rejimi gölün məqsədyönlü surətdə qurudulmasında israrlı görünür. Bunda isə əsas məqsəd əslində Azərbaycan türklərinin öz dədə-baba və tarixi torpaqlarını tərk etməsi marağıdır. Bu proses isə sürətlə olmasa da, artıq yavaş-yavaş baş verməkdədir. Urmiya gölündəki ekoloji fəlakətin fəsadları isə artıq göz qabağındadır. Son günlər Urmiya gölündən qalxan duz küləkləri Azərbaycan vilayətlərini öz ağuşuna alıb. Artıq duz kütlələri bölgənin iqliminə, o cümlədən də əkin yerləri üçün ciddi təhlükəyə çevrilməyə başlayıb, duzla qarışıq toz dumanı havanı çirkləndirib və görmə məsafəsini qısaldıb, nəticədə insanların səhhətində də problemlərə yol açıb. Biz DAK olaraq əvvəllər də Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmayacağı təqdirdə çox ağır fəsadlar törədəcəyini bəyan etmişdik və bununla bağlı öz etirazımızı müxtəlif formalarda bildirmişik”.

DAK Bir daha İran hakimiyyətini Urmiya gölünü xilas etmək üçün lazımi addımlar atmağa, eyni zamanda BMT başda olmaqla bütün beynəlxalq təşkilatları belə bir böyük ekoloji fəlakətə biganə qalmamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR