Bakıda pərakəndə və françayzinq biznesi üzrə dəyirmi masa keçirilib

Bakıda pərakəndə və françayzinq biznesi üzrə dəyirmi masa keçirilib
# 21 aprel 2014 09:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda pərakəndə və françayzinq biznesi üzrə dəyirmi masa keçirilib.

APA-Economics”in məlumatına görə, tədbir Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilmiş tədbirdə hər iki tərəfdən iş adamları iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verib. O, ölkəmizin etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq barədə danışan nazir müavini bildirib ki, ölkələr arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək 20-dən çox sənəd imzalanıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda xidmət, nəqliyyat, sənaye, tikinti, ticarət, bank və sığorta sahələrində BƏƏ sərmayələri əsasında 193 şirkət fəaliyyət göstərir. BƏƏ tərəfindən ölkəmizdə qeyri-neft sektoruna yatırılan birbaşa investisiyaların həcmi təqribən 465 mln. ABŞ dolları təşkil edir və xarici investisiya yatıran ölkələr arasında ilk beşlikdədir.

O qeyd edib ki, hazırda həyata keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkəmizdə 2020-ci ilə qədər iqtisadiyyatın qeyri-neft sektoru hesabına iki dəfə artırılması nəzərdə tutulur: “Bu istiqamətdə pərakəndə və françayzinq sahəsinin inkişafı mühüm rol oynaya bilər”.

BƏƏ-nin pərakəndə və françayzinq sahəsində təcrübəsinin əhəmiyyətini vurğulayan S. Babayev bu sahənin genişləndirilməsi və inkişafı üçün BƏƏ ilə təcrübə mübadiləsinin, həmçinin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinin faydalı olacağını qeyd edib.

Dubay Ticarət və Sənaye Palatasının sədr müavini ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu deyib.

Dəyirmi masada Azərbaycanda pərakəndə və françayzinq sahəsinin istiqamətləri mövzusunda təqdimat keçirilib, pərakəndə ticarət sektorunda aparıcı sahələr, Azərbaycanda və Dubayda daşınmaz əmlak bazarının inkişaf istiqamətləri, Azərbaycanda inkişaf edən istehlak bazarının françayzinq ehtiyacları, daşınmaz əmlak və pərakəndə ticarət idarəçiliyində Dubay təcrübəsi, Dubayın inkişaf etmiş brendlərinin və françayzinqlərinin Azərbaycana gətirilməsi və s. mövzularda müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR