Azərbaycanda məhsul nümunələri zay çıxan sahibkarlar yoxlama xərclərini ödəyəcəklər

Azərbaycanda məhsul nümunələri zay çıxan sahibkarlar yoxlama xərclərini ödəyəcəklər
# 04 iyun 2014 11:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri”ni təsdiq edib.

APA-nın verdiyi məlumata görə, Qaydalar sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzinin sahibkar tərəfindən ödənilməsi qaydalarını və müddətlərini müəyyən edir.

Yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərinin dəyişilməz saxlanılması, daşınması, tədqiqinin (sınağının) aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin məhsulun tədqiqi (sınağı) barədə yoxlayıcı orqanın qərarının nəticəsi olaraq yaranan bütün digər xərclər yoxlayıcı orqanın hesabına ödənilir. Əgər məhsul nümunələrinin tədqiqinin (sınağının) nəticələri məhsulun müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatına və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən edərsə, yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzi sahibkar tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:

- xərclərin yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilmədiyi;

- xərclərin çəkilməsi barədə sənədli təsdiqləmənin olmadığı;

- xərclərin yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunla müəyyən edilmiş qaydalara əməl edilmədən götürülməsi ilə əlaqədar çəkilmədiyi hallar.

Yoxlayıcı orqan götürülmüş məhsul nümunələrinin tədqiqinin (sınağının) nəticələri barədə protokolu aldıqdan sonra məhsulu müəyyən tələblərə uyğun olmayan sahibkar tərəfindən xərclərin əvəzinin ödənilməsi haqqında 5 iş günü müddətində qərar qəbul edir. Qərar yoxlayıcı orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanaraq, 3 iş günü müddətində sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sahibkar qərarı aldığı vaxtdan 30 gün müddətində xərclərin əvəzini dövlət büdcəsinə köçürməlidir. Xərclərin əvəzi bu müddətdə ödənilmədikdə, yoxlayıcı orqan ödəmənin təmin edilməsi barədə sahibkara yazılı xəbərdarlıq təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Xəbərdarlığın verildiyi gündən sonrakı 10 gün müddətində sahibkar tərəfindən ödəmə həyata keçirilmədikdə, yoxlayıcı orqan tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR