Erməni hüquq müdafiəçisi: “Qarabağ məsələsinin həlli ilə bağlı ilk addımı Ermənistan atmalıdır” - VİDEO

Erməni hüquq müdafiəçisi: “Qarabağ məsələsinin həlli ilə bağlı ilk addımı Ermənistan atmalıdır” - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2013 08:27 (UTC +04:00)

Təkəli. Nizami Məmmədzadə - APA. “Mən çox inanıram ki, Təkəli kəndi Cənubi Qafqazın siyasi mərkəzi olacaq.”

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Təkəlidə Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, Təkəli Assosiasiyasının sədri Georgi Vanyan APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə Təkəlidə keçirilən tədbirlər pilot layihələrdir: ”Vaxt gələcək bu torpaqda azad ticarət zonası olacaq və Təkəli Cənubi Qafqazda siyasi mərkəzə çevriləcək. Bu kənddə gedən proseslər bizim respublikaların suverenliyidir. Təkəli prosesi Sovetlər Birliyindən, KQB-dən, FSB-dən çıxışdır. Bizim vətəndaşlarımız öz talelərini özləri həll edəcəklər. Ermənistanla Gürcüstan arasında olan sərhəd xəttində yerləşdirilmiş minaların yerində azad iqtisadi zona olacaq və bu real inteqrasiyaya təsir edəcək”.

G.Vanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də münasibət bildirib: “Qarabağ məsələsini Ermənistan və Azərbaycan birlikdə həll edəcəklər. Mən dəfələrlə demişəm ki, ilk addımı Ermənistan atmalıdır. Ermənistan indi addım ata bilmir, ona görə ki, hələ Kremlin əli altındadır. Onun addım atmağına Təkəli prosesi təsir edəcək. Biz qonşular problemlərimizi özümüz həll etməliyik. Üçüncü tərəf bizə lazım deyil. Azərbaycan və Ermənistan ləyaqətlə yaşamalıdır”.

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri açıqlamasında Sadaxlıda baş verən son hadisələrə və sərhədlərin delimitasiya prosesinə münasibət bildirərkən qeyd edib ki, o, Ermənistan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiya məsələsini 2011-ci ildən qaldırıb. “Bu məsələnin həll edilməməsi nəticəsində ölkələrimizin insanları əziyyət çəkirlər. Hər iki tərəfdə olmayan sərhəd yaxınlığında yaşayan insanlar əziyyət çəkir. Mən avqustun 17-də həbs olunan Allahverdi Pələngovu müdafiə edirəm. Dəfələrlə Ermənistanın aidiyyatı orqanlarına onunla görüş barədə icazə almağa cəhd etmişəm, lakin heç kim mənə cavab verməyib. Sərhədlər yoxdur və vətəndaşlarımız “sərhədi qeyri-qanuni keçmə” maddəsi ilə ittiham olunurlar. Mən Gürcüstan səfirliyində və Ermənistandakı Gürcüstan konsulluğunda oldum. İctimaiyyəti baş verən hadisələrlə tanış edən yoxdur. Təşkilatımız Ermənistan və Gürcüstan xarici işlər nazirliklərinə, iki ölkənin ədliyyə nazirliklərinə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoruna və Avropa strukturlarına müraciət edib. Onlar heç bir addım atmayacaqlar. Biz təmkinlə haqqımızı tələb edəcəyik. Bu işlərdə Rusiyanın, daha doğrusu, Kremlin əli var. Mən bunu təsdiq edirəm. Rusiyada yaşayanlar da bizim kimi adamlardır. Lakin onlar da KQB-nin, FSB-nin təsiri altındadırlar.”

G. Vanyan dünən Təkəlidəki çıxışında Allahverdi Pələngovla erməni dilində istintaq aparıldığını və bu istintaqın sənədlərinin erməni dilində yazıldığını, bu prosesdə tərcüməçinin olmadığını bildirib. “Mən vəkildən tərcüməçi vasitəsilə istintaq aparılmağını tələb etdim. Allahverdi Pələngov erməni dilində güclə danışır. O, ondan götürülən izahatlara dili bilmədən, tərcüməçinin köməyi olmadan imza atıb”.

G. Vanyan Təkəli Assosiasiyasının 2010-cu ildən fəaliyyət göstərdiyini bildirib: “Bizim ilk dəfə müzakirə etdiyimiz məsələ Gürcüstanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR