Rövşanə Əliyeva: “Elşad Abdullayev 30 min dollar təklif etdi ki, Arzuya pul verdiyinə şahidlik edim”

Rövşanə Əliyeva: “Elşad Abdullayev 30 min dollar təklif etdi ki, Arzuya pul verdiyinə şahidlik edim”
# 16 iyul 2013 15:15 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi proses şahid Rövşanə Əliyevanın ifadəsi ilə davam etdirilib. R. Əliyeva bildirib ki, Eldəniz Abdullayevi Bakı Dövlət Universitetindən tanıyıb: “Həmin vaxt mən ikinci təhsil almaq istəyirdim. Eldəniz Abdullayevlə tanış oldum. Mənə dedi ki, gəl Azərbaycan Beynəlxalq Universitetində işlə. Mən də razılaşdım. Lakin sonradan gördüm ki, məni aldadırlar” .

Dövlət ittihamçısı Ramazan Hadıyevin suallarını cavablandıran R. Əliyeva bildirib ki, Eldəniz Abdullayevlə münasibətləri yaxşı olub: “Mahirin itkin düşməsini də mənə Eldəniz xəbər verdi. Dedi ki, başımıza daş düşüb, qardaşım itib”.

Arzu Kazımovla münasibətlərinə də aydınlıq gətirən R. Əliyeva bildirib ki, A. Kazımovun həyat yoldaşının xalası ilə qonşu olublar: “Qonşumuzun danışıqlarından eşitmişdim ki, Arzu Kazımov iş adamıdır. Elşadgil də Arzunu qiyabi tanıyırdılar. Həmin vaxt Mahirin işi ilə əlaqədar daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevin qəbuluna düşmək istəyirdilər. Bunun üçün də Arzu Kazımovdan xahiş etmək istəyirdilər ki, o, Zahid Dünyamalıyevlə danışsın. Məndən də Arzu Kazımovun nömrəsini istədilər. Əvvəlcə vermədim, sonra Eldəniz əl çəkmədi, mən də verdim. Elşad deyirdi ki, Arzu Kazımov tikinti işləri ilə məşğul olur. Biz onunla biznes əlaqələri də qurarıq. Bundan sonra mənim onların əlaqələrindən o qədər də xəbərim olmayıb. Daha sonra isə Elşadgil mənə təzyiq etməyə başladılar. Elşad deyirdi ki, biz elə bir şey edəcəyik ki, bütün ölkə qarışacaq. Gəl keç bizim tərəfimizə. Sənə 30 min dolar verim, gedək notarial qaydada təsdiq elə ki, mən Arzu Kazımova pul verəndə yanımızda olmusan. Mən də buna razılıq vermədim” .

R. Əliyeva onun da görüntüləri olan videomaterialların montaj olunduğunu bildirib.

Daha sonra prosesdə A. Kazımovun oğlu Zaur Kazımov və qardaşı Nizami Kazımov ifadə verib. Zaur Kazımov bildirib ki, Elşad Abdullayevi atasının dostu kimi tanıyıb.

Proses iyulun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR