Ümid Partiyası sədrinin keçmiş müavini: “İqbal Ağazadə bizi partiyadan deyil, vəzifədən kənarlaşdırıb”

Ümid Partiyası sədrinin keçmiş müavini: “İqbal Ağazadə bizi partiyadan deyil, vəzifədən kənarlaşdırıb”
# 05 iyun 2014 13:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Cəmiyyət də, partiya da mənim işimin öhdəsindən necə gəlməyim barədə məlumatlıdır”.

Bunu APA-ya açıqlamasında Ümid Partiyası İcra Aparatının keçmiş rəhbəri Nəsimi Məmmədli partiya sədri İqbal Ağazadə tərəfindən istefaya göndərilməsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, İ.Ağazadə APA-ya açıqlamasında istefaya göndərdiyi müavinlərinin fəaliyyətinin onu qane etmədiyi üçün bu addımı atdığını qeyd edib.

N.Məmmədli sədrin fikirlərini şərh etmək istəmədiyini vurğulasa da, fəaliyyəti barədə bəzi məqamlara toxunub: “Mən 8 il partiyanın İcra Aparatının rəhbəri vəzifəsində çalışmışam. Bu az zaman deyil. Bu vaxt ərzində xeyli sayda seçkilər keçirilib, bu qədər siyasi proseslər olub. Mənim mətbuatda minlərlə yazım çıxıb, minlərlə mövqelərim var. Belə olan halda, bu cür ifadələr səslənibsə, bunu şərh etməyi düşünmürəm”.

Sədrin Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov isə APA-ya deyib ki, İ.Ağazadə onları partiyadan deyil, sadəcə, vəzifəsindən kənarlaşdırıb. Onun sözlərinə görə, İ.Ağazadə istefaya göndərilənlərə sərəncamın yalnız struktur dəyişikliklərinə xidmət etdiyi bəyan edilib: “Yəqin ki, sədrin bildiyi bir şey var və ona görə də biz bunu müzakirə etmirik. Sonrakı məqamlarda vəzifəyə qayıtmamaq olsa belə, bunu elə bir faciə hesab etmirəm. Mənə deyilməyib ki, sən işinin öhdəsindən gələ bilmədiyinə görə kənarlaşdırılırsan və ya işin qane etmir. Belə bir şey olmayıb. Hər kəsə bəyan olundu ki, strukturların yenidən təşkili, işimizin daha dinamik olması, strukturlarda bəzi birləşmə və ayrılmaların baş verə biləcəyini nəzərə alaraq, belə bir sərəncam verilib. Bildirilib ki, yaxın zamanlarda hər kəslə fərdi qaydada söhbət olacaq”.

S.Hətəmov partiyada özünə qarşı heç bir qərəz olmadığını və sədrlə münasibətlərinin normal olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR