Orxan Kərimov və digərlərinin apellyasiya şikayətləri təmin edilməyib

Orxan Kərimov və digərlərinin apellyasiya şikayətləri təmin edilməyib
# 19 sentyabr 2013 16:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökmdə təqsirləndirilən Rafiq Hüseynovun zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənməsi barədə olan hissəsi dəyişdirilib. Belə ki, birinci instansiya məhkəməsi onun 5 min manat ödəməsi barədə qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi isə həmin məbləğin 6 min manat olması barədə qərar qəbul edib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm digər hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Bundan əvvəl isə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR