Moskvada Rusiya, Azərbaycan və İranın energetika nazirlərinin görüşü keçiriləcək

Moskvada Rusiya, Azərbaycan və İranın energetika nazirlərinin görüşü keçiriləcək
# 30 oktyabr 2013 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Moskva şəhərində Rusiya, Azərbaycan və İranın energetika nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiyanın energetika nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Moskvaya rəsmi səfəri başlayır.

Üç gün davam edəcək səfər zamanı N.Əliyev, İranın energetika naziri Həmid Çitçiyan və Rusiyanın energetika naziri Aleksandr Novak üç ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Azərbaycan həm Rusiya, həm də İran ilə elektroenergetika sahəsində sıx əməkdaşlıq edir. Belə ki, bu ilin iyunun 6-da Volqoqrad şəhərində Azərbaycan və Rusiya hökumətləri arasında iki ölkənin enerji sistemlərinin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında saziş imzalanıb. Bu sənəd Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığın davam etdirilməsinə geniş imkanlar yaradıb. Artıq Azərbaycan və Rusiyanın enerji sistemləri ikitərəfli elektrik verilişi xətləri vasitəsi ilə birləşdirilib. Bu, 330 kV-luq «Dərbənd» və 110 kV-luq «Yalama» elektrik verilişi xətləridir.

Eyni zamanda, Azərbaycan və İran arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq Parsabad-I, 330 kV-luq Parsabad-II, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanın energetika nazirinin Rusiyaya səfəri noyabrın 2-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR