Azərbaycan DİN biometrik pasportların istehsalına və vətəndaşlara təqdim olunmasına start verib

Azərbaycan DİN biometrik pasportların istehsalına və vətəndaşlara təqdim olunmasına start verib
# 03 sentyabr 2013 16:38 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bakı Regional Mərkəzinin yeni tikilmiş inzibati binasında biometrik pasportların istehsalına və vətəndaşlara təqdim olunmasına start verilib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi və mənimsənilməsi məqsədilə Baş İdarənin əməkdaşları Kanada, Almaniya, İsveçrə, Estoniya, Xorvatiya və digər ölkələrə ezam olunaraq müxtəlif kurs, seminar və treninqlərdə iştirak ediblər. Yeni nəsil pasportların istehsalı üçün İsveçrənin «Trüb AG» şirkəti ilə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq texniki avadanlığın və proqram təminatının Azərbaycana gətirilməsi və quraşdırılması, pasport blanklarının hazırlanması təmin olunub. Eyni zamanda biometrik ümumvətəndaş pasportlarının istehsalı sahəsində xidmət aparacaq əməkdaşlarla xüsusi treninqlər keçirilib.

Regional Mərkəzin 3 mərtəbəli yeni inzibati binasının birinci mərtəbəsində elektron növbələri tənzimləyəcək müvafiq köşklər quraşdırılıb. Burada vətəndaşlara müxtəlif xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılıb, onların kommunal xərcləri, bank kreditlərini, cərimələri, mobil və ev telefonu borclarını, kabel televiziyası və internet ödəmələrini, aviabiletlərin sifarişini və onlarca digər əməliyyatları həyata keçirmələri üçün «Pay Point» qurğusu, bankomat yerləşdirilib, eyni zamanda təcili tibbi yardım məntəqəsi və internet-kafe də istifadəyə verilib.

Zalda eyni vaxtda 24 vətəndaşdan sənədlərin qəbulu və həmçinin 24 nəfərin də öz növbəsini gözləməsi nəzərdə tutulur. Gün ərzində orta hesabla 700-dən artıq şəxsin sənədlərini qəbul etmək mümkün olacaq.

Qəbul salonunda fotoşəkillərin çəkilməsi üçün biometrik fotokabinalar, əl-barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıqlar, məlumatların dərhal bazaya ötürülməsi, həmçinin xüsusi yoxlamaların keçirilməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompüterlər və digər texniki vasitələr yerləşdirilib.

Pasportların hazırlanması və vətəndaşlara təqdim edilməsi inzibati binanın 2-ci mərtəbəsində həyata keçirilir. Burada da vətəndaşların rahatlığı nəzərə alınmış, onlar üçün hər cür şərait yaradılmış, qanunvericiliyin tələblərinə uyğun olaraq aldıqları pasportların elektron daşıyıcılarında (çiplərdə) özləri haqda olan məlumatları yoxlaya bilmələri üçün xüsusi köşklər də quraşdırılıb. Ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq vətəndaşlar on, beş və ya bir iş günü ərzində pasportlarla təmin olunacaqlar.

Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində respublika üzrə fəaliyyət göstərən daha 8 regional mərkəzin (Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Bərdə, Şirvan) yeni inzibati binalarının inşası da başa çatdırılıb, «Giriş-çıxış və qeydiyyat» İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi, operativ rabitənin yaradılması və digər zəruri texniki təminat məsələləri öz həllini tapıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 10 vətəndaşa yeni biometrik pasportları təqdim edib. Biometrik pasportların ilk sahibləri görülən işləri yüksək qiymətləndirərək yeni mərkəzdə yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR