Şahid: “Sevinc Babayeva telefonda Gülər Əhmədovanı təhqir edirdi” - YENİLƏNİB

Şahid: “Sevinc Babayeva telefonda Gülər Əhmədovanı təhqir edirdi”  - <span style="color: red;">YENİLƏNİB
# 31 oktyabr 2013 15:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid Ülvi Mövlayev ifadə verərək bildirib ki, G. Əhmədovanın tanışı olan Mete Kaya onun bacısının həyat yoldaşıdır: “Səlcuq Ağlayan Metenin işçisidir. Onlar bir dəfə Azərbaycana gəlmişdilər. Burada bir şirkətin nümayəndəsi olmaq istəyirdilər. Ona görə də Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov və qardaşı İlqar Mikayıloğlu ilə görüşdülər. İlqar Mikayıloğlu qurulacaq biznesin reklam işini öz üzərinə götürdü. Mən Gülər Əhmədovanın Mete Kayadan bir nəfər xəstənin Türkiyəyə gedəcəyini və onu qarşılamaq lazım olduğunu xahiş etdiyini bilirdim. Mete Kaya da bu işi Səlcuq Ağlayana tapşırmışdı. Bir müddət sonra mən Türkiyəyə gedəndə Toğrul Əhmədov mənim vasitəmlə Səlcuq Ağlayana 5 min dollar pul göndərdi. Bir dəfə də Azərbaycandan 2 min avronu Səlcuqa göndərdi”.

Daha sonra prosesdə Ü. Mövlayevin istintaqa verdiyi ifadə elan olunub. O ifadəsində bildirib ki, S. Babayeva ilə G. Əhmədova “skyp” vastəsilə danışıblar: “Mənə gələn mesajlardan bunu bilirdim. Həmçinin telefonla konfrans yaradaraq da danışırdılar. Sevinc telefonda Güləri təhqir edirdi. Sevinc öləndən sonra isə Səlcuq taksofondan onun oğlu Ayxana zəng edib, anasının rəhmətə getdiyini dedi. Bildirdi ki, meyiti Azərbaycana gətirmək üçün 20 min dollar lazımdı. Ayxan dedi ki, pulum yoxdur. O zaman Səlcuq Gülərgili nəzərdə tutaraq dedi ki, get onlardan istə, verəcəklər. Sevinci Türkiyəyə Gülər Əhmədova göndərmişdi, yaşaması üçün də pulu o göndərirdi”.

G. Əhmədova isə Ü. Mövlayevin istintaqa verdiyi ifadələrin yalan olduğunu deyib: “Yazdığını versəm, oxuyub yenidən danışa bilməyəcəksən. Sən kimsən ki, mən sənin vasitənlə konfrans yaradam? Sevinc kim idi ki, məni təhqir eləsin? Sənə bir xox gəliblər, nə deyiblər yazmısan. Adamın kişiliyi olar. Gəlib bizə şər atırsan”.

Proses noyabrın 4-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

***

17:51

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Elşad Abdullayevin sürücüsü olmuş Şamil Hüseynov şahid qismində ifadə verib.

Sürücü ifadəsində E.Abdullayevə məxsus ofisdə onun Gülər Əhmədova və Sevinc Babayeva ilə görüşlərinin və ucadan nəyi isə müzakirə etdiklərinin şahidi olduğunu deyib. O, adı çəkilən şəxslərin konkret nə barədə danışdıqlarını eşitməsə də, bir neçə dəfə 500 rəqəminin təkrarlandığını eşitdiyini deyib: “Elşad Abdullayev maşında gedəndə Sevinclə telefonla danışırdı. Deyirdi ki, Sevinc, mən pulu sənə vermişəm, səndən də istəyirəm. Amma pulun məbləği və digər adamın adı çəkilmirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR